Deputat: “Fevralın 7-də təkcə Prezident seçməyəcəyik”
“Gələn il fevralın 7-də Azərbaycan xalqı təkcə Prezident seçməyəcək. Həm də son 200 ildə millət olaraq qazandığımız ən böyük uğurmuzun əbədiliyini təsdiq və təsbit edəcəyik. Ona görə də bu seçkidə güclü rəqib var və o, rəqib torpaqlarımızı işğaldan qurtarmamızla hələ də barışmayan yırtıcılardır. Onlar əmrlərini yerinə yetirəcək hər hansı bir antimilli ünsürü burada hakimiyyətə gətirməyin mümkünsüzlüyünü yaxşı bildiklərindən seçkini gözdən salmaq üçün bacardıqlarını edəcəklər və artıq etməyə başlayıblar” , - millət vəkili deyib.
Deputat əslində həmin qüvvələrin yerində oturdulmasının ilk növbədə bir seçici kimi bizim öz əlimizdə olduğunu bildirib. O, seçkini həm də vuruşmaq istəyib cəbhəyə gedə bilməyənlərə qazanılan zəfəri öz səsləri ilə möhkəmləndirmələri üçün verilmiş şans kimi dəyərləndirib.
- Yəni 7 fevralda səsverməyə qatılmaq təkcə seçici yetkinliyini deyil, eyni zamanda bizim nə dərəcədə vətənpərvər olub-olmadığımızı üzə çıxaracaq. Ona görə də səsvermə hüququ olan hər bir soydaşımızı çox da zəhmət tələb etməyən, ancaq zəfərimizə böyük qatqı sayılacaq bu addımı atmağa, fevralın 7-də seçki məntəqəsinə getməyə səsləyirəm!” , - Sahib Alıyev vurğulayıb.
Millət vəkili, parlamentin plenar iclaslarında tarixin əleyhimizə işləyən iki yüz illik gərdişini dəyişməyi bacaran dövlət başçısının bu ölçüyəgəlməz xidmətinin qiymətləndirilməsi ilə bağlı deputatların çox təkliflər səsləndirdiyini də xatırladaraq, bir məqamı xüsusi vurğulayıb.
“Fikrimcə, cənab İlham Əliyev üçün elə ən böyük ad işğaldan və bolşevik mərkindən azad edilmiş torpaqlarımızda keçiriləcək ilk seçkidə qələbə çalan şəxs kimi də tarixə düşməkdir və o buna tam haqq edir. Digər namizədlərə gəldikdə məncə, belə bir seçkiyə elə bir statusla qatılmağın özü böyük şərəf və uğurdur. Ümumiyyətlə, bu növbədənkənar seçkidə hər kəs həm də özünə, əvvəldə də qeyd etdiyim kimi xalq olaraq qazandığımız zəfərin əbədiliyinə səs verəcək”, - deputat deyib.
Sahib Alıyev 44 günlük savaş günlərində və torpaqlarımızın üzərində suverenliyimizin tam təmininə yönəlmiş son addımlar atılarkən əksər partiya sədrlərinin dövlətimizin yanında olduqlarını birgə bəyanatla sərgiləyərkən onlara qoşulmayanların 7 fevral seçkisini boykot etmələrinin sadaladığı məqamları bir daha təsdiq etdiyini diqqətə çatdırıb.
“Bu onun növbəti təsdiqi deyilmi ki, AXCP və Müsavat-ın başında duranlar o zaman da, indi də Azərbaycanın öz torpaqlarını işağldan qurtarmasını gözü götürməyən çevrələrin diqtəsi ilə hərəkət ediblər, edirlər. Elələrinə yazıqlar olsun”, - millət vəkili vurğulayıb.
AzVision.az