"Antibiotiklərin nəzarətsiz istifadəsi insan sağlamlığına zərər vura bilər" - AQTA sədri

 "Antibiotiklərin nəzarətsiz istifadəsi insan sağlamlığına zərər vura bilər" -     AQTA sədri
  19 Dekabr 2023    Oxunub:1140
Dünyada əhali sayının çoxalması davam etdikcə, insanlar üçün qida mənbəyi kimi balıqçılıq və digər su bioresursları məhsullarına tələbatı artacaq. Bunun üçün balıqçılıq və akvakultura təcrübələrinin davamlı olmasını təmin etmək vacibdir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyasında çıxışı zamanı deyib.

"Həmçinin, balanslı qidalanma üçün respublikanın su bioresurslarından faydalanma yollarının inkişaf etdirilməsi gələcək nəsillərə təhlükəsiz və əlçatan qidanın ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qidalılıq dəyəri yüksək olan balıqçılıq və digər su bioresursları məhsulları respublikamızda ərzaq probleminin həllində aktual məsələlərdən hesab edilir.

Balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyini kompleks şəkildə həll etmək üçün heyvan sağlamlığına xüsusi diqqət yetirilməlidir. Bildiyiniz kimi, antibiotiklərin nəzarətsiz və qeyri-rasional istifadəsi həm heyvan, həm də insan sağlamlığına çox böyük təsir göstərərək xoşagəlməz nəticələrə səbəb ola bilər. Heyvan sağlamlığının təmin olunmasında və heyvan mənşəli qida məhsulları istehsalında antimikrob preparatlardan səmərəsiz və kortəbii istifadə nəticəsində yaranan antimikrob rezistentliyi qida zəncirinin bütün mərhələlərində təzahür etməklə insan sağlamlığının qorunmasında ciddi problemlər yaradır. “Tarladan süfrəyədək” prinsipi əsasında sözügedən məhsul istehsalının bütün mərhələlərində risk səviyyəsinə uyğun olaraq nəzarət həyata keçirilir".

AzVision.az


Teqlər:





Xəbər lenti