Elgiz Abbasov qəzadan yazdı

   Elgiz Abbasov qəzadan yazdı
  19 Dekabr 2023    Oxunub:1277
Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov feysbuk hesabında hadisə barədə yazıb.
"Vəziyyəti başa düşməyimiz çox zaman almadı, şükür. Bir də gördük, kimsə çöldən şüşəni sındırır, sonra onu görə bilmədim. Allah ondan çox razı olsun. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi.

İlk növbədə Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik. Daha sonra təcili tibbi yardımı aradıq (06:27), Ağdam və Bərdədən təcili tibbi yardımlar gəldi (çox peşəkar idilər, yol bildirişlərindən başa düşdülər, hadisə yerinə toplaşan fədakar insanlar da dayanmadan zənglər edirdilər), onlarla yanaşı FHN artıq hadisə yerində idi. Asif, Əmrah bəy, Fərid, Anar, Ramiq, Elnur, Məhi dayı (“Qarabağ” FK, kimisə unutdumsa, üzrlü sayın) hadisə yerinə çatdılar, artıq özümüzü daha güvəndə hiss edirdik. Mənəvi, tibbi, fövqəladə yardımlar və ən əsası ilahi qüvvə bizi daha pis nəticələrdən xilas elədi.

İsrar elədik ki, hamını Bərdəyə aparsınlar, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəsi kimi davrandı (onları mütləq axtarıb tapacağıq).

"Yaxınısız?" sözünün məsuliyyəti nə qədər ağır imiş?Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı.
Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan, Sərxan Hacıyev gecənin bir aləmi hadisəyə dərhal reaksiya verdi, Fərid Qayıbovla danışdıq, bütün əlaqələrini işə saldı, özü ilə danışmasaq da, Rövnəq Abdullayevin necə kritik addımlar atdığını sonradan oyrəndik.

Bütün ailələrə xəbər verdik, amma “Bonadea”ya çatanda ailələrimizin çox olduğunu gördük. Bu günlərdə “Bonadea”ya gələn, zəng vuran, mesaj yazan, özü zəng vurmağa ürək etməyib, yanımıza gələnlərdən soruşan bütün insanlara təşəkkür edirəm.
Bizə məhz sizin dəstəyiniz güc verdi, indi daha yaxşıyıq.

İnşallah Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var. Hər ikisi çox möhtəşəm insanlardır, etdikləri yaxşılıqların, sadəcə, 1 faizi qarşılarına çıxsın. Allah onları darda qoymaz, bütün əməllərinin az-çox biləni kimi bundan əminəm. Bu günə şükür.

Bizim devizimiz eyni qalır: İnşallah hər şey daha yaxşı olacaq!".

AzVision.az


Teqlər:





Xəbər lenti