Xankəndidə tarixi oyun, azarkeşlər stadiona buraxılır - VİDEO+YENİLƏNİB

    Xankəndidə tarixi oyun, azarkeşlər stadiona buraxılır -  VİDEO+YENİLƏNİB
  21 Dekabr 2023    Oxunub:2061
Xankəndi şəhərində keçiriləcək Qarabağ-MOİK oyununa saatlar qalıb.
AzVision.az xəbər verir ki, oyunu izləmək üçün Xankəndiyə yollanan azarkeşlər artıq stadiona buraxılırlar.



Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı bu gün saat saat 14:00-da başlanacaq. Matç üçün təyinat alan hakimlər Vətən Müharibəsinin veteranlarıdır

Belə ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən Müharibəsinin fəal iştirakçılarından olub. Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da ikinci Qarabağ müharibəsinin veteranlarındandır.

Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin "Qarabağ" komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarından hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir.




***
Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.

AzVision.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək.

Maraqlıdır ki, bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası - Mərkəzi Ordu İdman Klubu olacaq.

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən “Qarabağ” rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.

2009 və 2010-cu illərdə isə “Qarabağ” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib.

Qeyd edək ki, bugünkü oyun saat 14:00-da başlanacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçının stadiondan canlı izləyəcəyi gözlənilir.

Artıq arenada bütün işlər tamamlanıb. Stadionda yeni oturacaqlar da quraşdırılıb. Qapı arxasında tribunalardan birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərinə isə "Xankəndi" sözləri yazılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti