Prezident Şuşada tikinti işlərinin gedişi ilə tanış olub
Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.
Dövlət başçısı yaşayış kompleksində hazır mənzillərə baxıb.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.
Diqqətə çatdırılıb ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub. Dövlət başçısına görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərində də başlanılıb.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.
AzVision.az
Teqlər: