Bakıda gəzinti qayığı aşıb, 3 nəfər KTM-ə təxliyə edilib - VIDEO+YENİLƏNİB

 Bakıda gəzinti qayığı aşıb,  3 nəfər KTM-ə təxliyə edilib - VIDEO+YENİLƏNİB
  22 Dekabr 2023    Oxunub:2226
22.12.2023-cü il tarixində saat 11:16 radələrində Dəniz Mall-ın yaxınlığında qayıq aşması ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə AzVision.az-a TƏBİB-dən məlumat verilib.

Dərhal hadisə yerinə 2 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində 4 nəfər (cinsi qadın) zərər çəkib. 1 nəfərə yerində ilk tibbi yardım olunub. 3 nəfər isə hipotermiya diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib.

****
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AzVision.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.




***
Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

***
Bakıda dənizdə gəzinti qayığı batıb.

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, xilas olunanların sayı və hadisənin sahildən nə qədər kənarda olduğu müəyyən edilir.

Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti