Qoşa münaqişə ili

// 2023-cü il dünya üçün ağır keçdi

   Qoşa münaqişə ili
  22 Dekabr 2023    Oxunub:6317
Dünyada 2023-cü il hərbi münaqişələr, qlobal istiləşmənin rekord səviyyəyə çatması, süni intellekt üzrə qalmaqallar və populist çıxışlarla yadda qaldı. Sanki bir göz qırpımında keçən ildə Rusiya- Ukrayna müharibəsi davam etdi. Kiyevin əks-hücumu ciddi uğur qazana bilmədi. Müharibənin gedişində dəyişiklik baş vermədi.
Bir müharibə azmış kimi, dünya Yaxın Şərqdə HƏMAS terror qruplaşmasının İsrailə qəfil hücumuna şahid oldu. 7 oktyabr terrorundan sonra İsrail HƏMAS-ı məhv etmək üçün genişmiqyaslı əks-hücuma keçdi. Qəzza zolağında artıq 20 min insan qətlə yetirilib, 2 milyona yaxını didərgin düşüb. Bu ağır müharibənin başa çatması hələ ki yaxın üfüqdə görümür.

2023-cü ildə ABŞ və Çin arasında ikitərəfli münasibətlərin bərpası yönündə bəzi addımlar atıldı. Noyabrda San-Fransiskoda Co Bayden və Si Cinpinin görüşü baş tutdu. Hər iki tərəf münasibətlərdə normallaşmanın tərəfdarı olduğunu bildirdi. ABŞ Çini regionda yeni münaqişə ocağı yaratmaqda, eləcə də Rusiyaya hərbi yardım göstərməkdə ittiham edir. Nəhənglərin arasında normallaşma meyillərinin sabit qalmayacağı proqnozlaşdırılsa da, bu yaxınlaşma iki əsas təhlükəni: ABŞ və Çini ağır toqquşmaya apara biləcək Tayvan böhranını, habelə Çində iqtisadi böhranı əngəllədi.

Şimali Koreya il ərzində təhlükəli nüvə fəaliyyətini davam etdirsə də, gözlənən nüvə sınağı həyata keçirilmədi.

Bu il həmçinin qlobal istiləşmənin rekord səviyyəyə yüksəlməsi ilə yadda qaldı. Problemin həlli yollarını müzakirə etmək üçün Dubayda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı təşkil olundu. Dünyanı getdikcə ağuşuna alan iqlim problemi barədə qızğın müzakirələr yeni suallar və narahatlıqlar doğurdu.

2023-cü ilin əsas yeniliklərindən biri də Süni İntellektin inkişafı ilə əlaqədar idi. Süni intellekt sahəsinə dövlətlər səviyyəsində tərəddüdlə yanaşılsa da, bu texnoloji vasitənin faydalı tərəfləri də vurğulandı və ciddi nəzarətin vacibliyi qeyd olundu.

Populizm bu il ərzində dünya siyasətinin başlıca sütununa çevrildi. Hindistan, Argentina, Niderland və Slovakiyanın siyasi rəhbərliyi məhz populist yanaşmaları ilə yadda qaldılar.

Müsbət tərəflərə gəlincə, 2023-ci il ABŞ-də inflasiyanın azalması vacib hadisə idi. ABŞ iqtisadiyyatı ili "yumşaq eniş" və yüksək birja göstəriciləri ilə yekunlaşdırdı.

Nəhayət, 2023-ci ildə dünya Yaponiya və Cənubi Koreya arasında əlaqələrin bərpasının şahidi oldu. ABŞ-nin dəstəyi ilə Cənubi Koreya prezidenti Yun Suk Yeol və Yaponiyanın Baş naziri Fumio Kişidanın görüşü bu ölkələr arasında II Dünya müharibəsindən sonra baş tutan ən önəmli dialoq idi. Dünyanın ağır müharibə sınaqlarından keçdiyi bir dövrdə bu ölkələrin düşmənlikdən uzaqlaşaraq yeni mərhələyə qədəm qoymaları digər münaqişələr baxımından da müəyyən ümidlər yaradır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yekun  





Xəbər lenti