Valyuta mübadiləsinə görə kapital tələbi qoyuldu

Valyuta mübadiləsinə görə kapital tələbi qoyuldu
  25 Dekabr 2023    Oxunub:1294
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nın, “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”in və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” təsdiq edilib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov qərar imzalayıb. Yeni qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə (şərikli) kapitalının minimum həddi müəyyən edilib. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.

Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu tələblər qüvvəyə mindiyi tarixdən 6 ay ərzində minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görməli və bununla əlaqədar müvafiq sənədləri həmin müddətdə AMB-yə təqdim etməlidirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti