"Həmişə yanınızdayıq" - ASAN könüllülərindən prezidentə müraciət

      "Həmişə yanınızdayıq"    - ASAN könüllülərindən prezidentə müraciət
  26 Dekabr 2023    Oxunub:2293
"Bu gün məhz Sizin liderliyinizlə həyata keçirilən siyasət nəticəsində yaradılan imkanlar cəmiyyətimizdə gənclərin inkişafına şərait yaradır, onların təşəbbüslərini dəstəkləyir".
AzVision.az xəbər verir ki, bu barədə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin Azərbaycan Prezidenti İlham Əliyevə Təşkilatın fəaliyyətinin 10-cu ildönümünə həsr olunmuş müraciətində deyilir.
Bildirilir ki, cəmiyyətin və dövlətin birgə fəaliyyətini təcəssüm etdirən könüllülük fəaliyyətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin mühüm istiqamətlərindəndir.

- Möhtərəm cənab Prezident! Ali Baş Komandan! Sizi ASAN könüllüləri adından qürur hissi ilə salamlayırıq!

Könüllülük və xeyirxahlıq kimi yüksək, nəcib dəyərlər ölkəmizdə yeni nəsil gəncliyin formalaşmasında əsaslı rol oynayır. Bu yolla gənclər sosial və mədəni sahələrdə fəal iştirak edərək özlərini inkişaf etdirir və beləliklə cəmiyyətlə daha sıx əlaqələr qurulur. Könüllülük sayəsində gənclər möhkəm dövlət və müstəqil cəmiyyət inşa etmək üçün bacarıqlarını artırmağa nail olur və özlərini sosial məsuliyyət sahibi kimi hiss edirlər.

Müraciətdə həmçinin qeyd olunur ki, 2012-ci il dekabrın 29-da 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı zamanı bir qrup ASAN könüllüsü ilə dövlət başçısının görüşü tarixə yazılıb.

- Sizin ölkəmizdə ASAN könüllülərinin fəaliyyətinə verdiyiniz xeyir-dua və dəstəyiniz gənclərin taleyində dönüş nöqtəsinə çevrildi. Cəmi bir il sonra, 2013-cü ildə yaranan "ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi Sizin tövsiyə və görüşlərinizdən güc alaraq ölkəmizdə böyük bir hərəkatın başlanğıcını qoydu.

Odur ki, “Könüllülük bir könül işidir" deyib Sizin bizə olan etimadınızı doğrultmaq və dövlətimizin və xalqımızın adını uca tutmaq üçün çalışdıq. 10 il ərzində Təşkilatımız böyüyərək respublikamızın dörd bir yanından 36.000 gənci əhatə etdi. Bu illər ərzində vətənpərvərlik, təhsil, idman, mədəniyyət, sosial, ekoloji və digər istiqamətlərdə 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihələr həyata keçirərək 100.000-dən çox gəncin həyatına toxunduq.

Möhtərəm Prezident, Siz hər zaman bizim arxamız, dayağımız olmusunuz. Azad, müstəqil və qalib ölkənin gəncləri olaraq çıxdığımız bu yolun uğurlu olmasında Sizin bizə olan inamınız, qayğınız danılmazdır.

Sizin rəhbərliyinizlə Müzəffər Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüz tam təmin olundu. Sizin "Dəmir yumruğ"unuza çevrilən vətənpərvər və könüllü gəncliyimiz 30 illik işğala cəmi 44 gündə son qoydu.

O da bildirilib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız arasında ASAN könüllüləri də var. Həmçinin şəhid olmuş qəhrəmanlarımızın övladları bu gün ASAN könüllüləri sırasındadır.

- Bizə və xalqımıza şanlı qələbə duyğusunu bəxş etdiyiniz üçün Sizə minnətdarıq!
Möhtərəm cənab Prezident!

Biz gündən-günə böyüyən ASAN könüllüləri ailəsi olaraq həmişə yanınızdayıq. Siz ASAN könüllülərinin ən böyük dostu və himayədarısınız.

Öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər olaraq hər addımınıza dəstək olmaqdan şərəf və qürur duyuruq. Fəxrlə deyə bilərik ki, Siz hər bir gənc üçün örnək və nümunəsiniz. Siz Azərbaycan xalqını birləşdirən dəyərsiniz.
Qeyd etmək istəyirik ki, qarşıdan gələn prezident seçkilərində xalqımızın bir yumruq halında müzəffər liderinin yanında olacağına inanır və gələcəkdə də Sizin rəhbərliyiniz altında ölkəmizin aydın gələcəyi naminə çalışacağımıza əminik!

On minlərlə ASAN könüllüsünün adından!

“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin İdarə Heyətinin üzvləri:
Anar Musaev
Əsli İbrahimli
Emiliya Bayramova
Müjgan Xudaverdiyeva
Allahşükür Məmmədov

AzVision.az


Teqlər: İlhamƏliyev   könüllü   ASAN  





Xəbər lenti