Agentura şəbəkəsinin ifşası Fransa hakimiyyətinin düşdüyü aciz vəziyyəti göstərir - ŞƏRH
AzVision.az xəbər verir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Onun sözlərinə görə, Qələbədən sonra regionda Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməyən, bölgədə qalmaq və ya öz mövqelərini möhkəmləndirmək üçün dövlət əxlaqından kənar yollar axtaran Rusiya, İran və ABŞ agentura şəbəkəsindən sonra Fransanın da eyni ideyalı şəxslərinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunması dövlətimizin onlara verdiyi tutarlı cavabdır: “ATƏT-in Minsk qrupunun üzvü olan zaman bacarıqsız və faydasız fəaliyyəti, 44 günlük Vətən müharibəsi və ondan sonrakı müddətdə ölkəmizə qarşı beynəlxalq təşkilatlarda apardığı şər-böhtan kampaniyası, Azərbaycana təzyiq etmək üçün qərar və qətnamələrin qəbuluna çalışması, vasitəçilik adı altında ölkələrin daxili işinə qarışması cəhdi Fransa dövlətinin beynəlxalq hüquqa qarşı böyük hörmətsizliyidir. Rəsmi Parisin ölkəmizdəki səfirliyinin iki əməkdaşının Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxs elan olunması onu göstərir ki, Fransa səfirliyi agentura şəbəkəsinin mərkəzidir. Belə şəbəkənin ifşa olunması isə Emmanuel Makron hakimiyyətinin növbəti fiaskosudur. Bundan sonra Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernard Emienin də vəzifəsindən azad edilməsi bu ölkənin Azərbaycanda qarşılaşdığı biabırçılığı örtmək cəhdidir”.
Politoloq qeyd edib ki, E.Makron hakimiyyətinin Afrikadan Qafqaza qədər olan xarici siyasəti iflasa uğrayıb. Bu səhv siyasət nəticəsində Fransanın bütün dünyada nüfuzu zəifləyib, mövqeləri sıradan çıxıb. Beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycana qarşı uğursuz xarici siyasət və Azərbaycan–Ermənistan sülh danışıqlarında vasitəçilik missiyasından qovulmasından sonra agentura şəbəkəsinin də ifşa olunması BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun üzvü olan Fransa hakimiyyətinin düşdüyü aciz vəziyyəti göstərir.
“Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik və kəşfiyyat orqanları başqa ölkələrin agentura şəbəkələrinə qarşı apardığı əməliyyatlarla bir daha göstərdi ki, dövlətimizə yönələn bütün təxribatların qarşısını almaq gücündədir. Bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycanla güc, şantaj və beynəlxalq hüquqdan kənar vasitələrlə danışmaq mümkün deyil, bizimlə ancaq bərabərhüquqlu şəkildə əməkdaşlıq etmək olar”, - deyə Y.Hacızadə vurğulayıb.
AzVision.az
Teqlər: