Silahı da kinosu kimidir

// Ədalət Verdiyev Hindistan-Ermənistan hərbi əməkdaşlığının qaranlıq tərəflərinə işıq salır

      Silahı da kinosu kimidir
  30 Dekabr 2023    Oxunub:9268
44 günlük Vətən Müharibəsi və sonrakı toqquşmalar zamanı Azərbaycanın hava hücumu vasitələrinin qarşısını ala bilməyən Ermənistan ordusunun silah sistemlərinin böyük hissəsi kütləvi şəkildə sıradan çıxarıldı. Döyüş potensialını itirən Ermənistan hazırda silah dilənçisinə çevrilib. Amma vəsait baxımından imkanları aşağı olan Ermənistana silah tədarük etmək istəyən ölkələrin siyahısı məhduddur. Onlardan biri isə Hindistandır.
Son aylar davamlı olaraq mətbuatda Ermənistanın bu və digər ölkələrdən silah almasına dair məlumatlara rast gəlirik. Hindistan mənbələri İrəvanla Yeni Delhi arasında böyük hərbi-texniki sövdələşmələr barədə hər il bir neçə dəfə yazırlar. 2023-cü ilin sentyabrda məlum olub ki, Ermənistan Hindistandan 250 milyon dollarlıq “Pinaka” reaktiv yaylım atəşi sistemlərini almalı idi. Lakin bu müqavilələrin icrasına dair məlumatlara hələlik rast gəlinmir.

Sonradan isə Hindistanın Ermənistana əvvəlcə MR-SAM, ardınca AKASH zenit-raket komplekslərini satmasına dair məlumatlar tirajlandı. Hazırda isə Ermənistanın Hindistandan gələn ilin əvvəlində 600 milyon dollara AKASH kompleksləri alacağı barədə xəbərlər dərc olunur.

Hindistanın hədəfləri

Hindistan həm Çin, həm də Pakistanla uzun müddət davam edən qarşıdurma ilə bağlı xaricdən asılılığını azaltmaq məcburiyyətindədir. Buna görə də milli silahlı qüvvələrinin gücləndirilməsi, habelə müasir silah və hərbi texnikaya tələbatını maksimum ödəmək üçün hərbi-sənaye potensialının yaradılmasına çalışır. Mürəkkəb hərbi təyinatlı məmulatların istehsalı qabaqcıl texnologiyalardan istifadəni tələb etdiyindən, Hindistan bu məsələdə idxala üstünlük verir. 70 milyard dollarlıq büdcəyə malik Hindistanın özündən dəfələrlə kiçik imkana malik ölkələrdən silah idxal etməsi faktdır. Yerli istehsal əsasən “Hindistanda düzəlt” proqramı çərçivəsində texnologiya ilə birlikdə əldə edilən silah sistemlərinin hesabına formalaşır. Hindistan hazırda mühərrik və transmissiyanı Almaniyadan, optik elektron vasitələrini İsraildən, artilleriya avadanlıqlarını isə Fransadan əldə edir.

Hindistanın silah bazarındakı mövqeyi

Son illər ərzində Hindistanın müdafiə sənayesi məhsullarının ixracında artım qeydə alınsa da, dünya silah bazarında 0.2 faizdən də az paya malikdir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ildə dərc etdiyi silah ticarətinə dair 2018-2022-ci illəri əhatə edən sonuncu hesabatında Hindistan dünyanın 25 ən böyük silah ixracatçısı siyahısına da daxil edilməyib. Çünki ixrac etdiyi müdafiə sənayesi məhsulları əsasən çox az dəyərli, ucuz və aşağı texnologiyanın tətbiq olunduğu ayrı-ayrı silah hissələri və komponentləri olub.

Hindistanın müdafiə sənayesi məhsulları ixracı ümumi istehsalının çox az hissəsini təşkil edir. Hətta, ixracın ən yüksək olduğu 2022-2023-cü maliyyə ilində cəmi 14.9 faiz təşkil edib. Bu o deməkdir ki, beynəlxalq alıcılar yüksək qiymətə malik Hindistan silahlarına o qədər də maraq göstərmirlər. Son illərdəki ixrac dəyərinin artmasına səbəb Ermənistan və Filippin kimi ölkələrin böyük miqdarda Hindistan silahları sifariş etmələri ilə əlaqədardır.

Hindistan ən çox silah idxal edən ölkədir

Hindistan ənənəvi olaraq heç vaxt silah istehsalçısı olmayıb; əsasən Rusiya, Fransa və İsraildən idxal edilən komponentlər əsasında müəyyən silahların plagiat versiyalarını hazırlayıb. Yerli silah istehsalçıları istər kəmiyyət, istərsə də keyfiyyət nöqteyi-nəzərindən silah istehsalında böyük təcrübə əldə edə bilmirlər. Yerli müdafiə sənayesinin qarşılaşdığı ən böyük problem hazırlanan silah və avadanlıqların seriya istehsalına vaxtında başlaya bilməməsidir. Bu isə həm xarici alıcıların, həm də Hindistan ordusunun tələbatlarını qarşılaya bilməməsi ilə nəticələnib. Ona görə, hazırda Hindistan dünyanın ən böyük silah idxalçısı hesab olunur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun sonuncu hesabatında dünya silah idxalının 11 faizinin Hindistanın payına düşdüyü bildirilir.

Hindistan silahlarının texniki imkanları

Hindistanın müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silahlar həm keyfiyyət, həm də texniki göstəricilərinin çox aşağı, qiymətinin isə analoqlarından baha olması ilə fərqlənirlər. Hindistan istehsalı olan silah və vasitələrdə texniki nasazlıqlar adi haldır. Müqavilələr yekunlaşdırıldıqdan sonra alıcılara texniki və operativ dəstəyin göstərilməməsi ilə bağlı çoxsaylı şikayətlərə rast gəlinir.

Bundan əlavə, Hindistanın müdafiə sənayesində korrupsiyanın mövcudluğu, maliyyə çatışmazlığı və xarici alıcılara silahların çatdırılmasında diplomatik gecikmələrin olması barədə məlumatlar da mətbuatda əksini tapıb.

Qəza sayında lider

Qəzaların çoxluğu xarici alıcılarda Hindistan istehsalı olan müdafiə sənayesi məhsullarına ciddi inamsızlıq yaradır. Məsələn, Ekvador tərəfindən alınmış 7 ədəd “Dhruf” helikopterlərinin 4-ü bir müddətdən sonra mexaniki qəzaya uğrayıb. Bunun nəticəsində, Ekvador digər helikopterlərin də istifadəsini dayandırıb və Hindistan ilə müqaviləni birtərəfli qaydada ləğv edib.
2020-2023-cü illərdə Hindistanın özündə həmin helikopterlərdə bir neçə qəza qeydə alınıb.

2022-ci ildə “Rudra” helikopteri qəzaya uğrayıb və 5 ekipaj üzvü həlak olub. 2019-cu ilə qədər təkcə Hindistanın özündə “Chetak” helikopterlərinin qəzaya uğraması ilə bağlı 46 insident qeydə alınıb.

Keçən il “BrahMos” raketi hədəfdən yayınma nəticəsində Pakistan ərazisinə düşdü və 2.92 milyon ABŞ dolları dəyərində maliyyə itkisi qeydə alındı.

Bütün bu insidentlər, Hindistan silahının potensial müştərilərinin qərarlarında qeyri-müəyyənlik yaradır.

Hindistan Cin ilə rəqabət apara bilmir

Hindistan regionda öz silahları üçün hələ də uzunmüddətli və etibarlı müştəri əldə edə bilməyib. Məsələn, Çinin silah ixracatının 54 faizi təkcə Hindistanın rəqibi olan Pakistanın payına düşür. Hindistanın isə belə bir potensial müştərisi yoxdur. Myanma və Şri Lanka kimi müştəriləri də qonşu Çindən böyük miqdarda silah alırlar.

Buna görə, Hindistan 2020-ci ildən başlayaraq Ermənistanı bu statusda əldə etməyə və onunla yüksək dəyərə malik müqavilələr imzalamağa çalışır. Lakin Ermənistanın da hər zaman olduğu kimi “etibarlı müttəfiq” xüsusiyyətlərinə malik olmaması bu əməkdaşlığın perspektivlərinin üstündən xətt çəkir.

Bir məqamı qeyd etmək kifayətdir ki, 2020-ci ilin noyabr ayında mətbuatda Ermənistanın Hindistanın ona satdığı “Swathi” kontrbatareya radarından narazılıq etməsi barədə məlumat yayılmışdı. Ermənistanın 44 günlük müharibə zamanı həmin silahların heç bir işə yaramadığı barədə şikayət edərək, hətta onlar üçün ödənilmiş 43 milyon ABŞ dollarını geri tələb etdiyi də iddia olunmuşdu.

Ermənistan etibarlı müştəri deyil

Hindistanın Ermənistana silah tədarükünü ayrıca bir biznes və ya hərbi əməkdaşlıq faktoru kimi dəyərləndirmək doğru olmaz. Ermənistanın məhdud imkanlarının Hindistana ciddi qazanc gətirəcəyi də real görünmür. Digər tərəfdən isə Ermənistan etibarlı müştəri deyil.

Pakistan və Çin hazırda Delhinin əsas potensial rəqibləridirlər. Kəşmir ştatında mütəmadi toqquşmalar baş verir, Maldiv adaları, Nepal və Şri Lanka isə getdikcə Pekinlə daha sıx əməkdaşlıq edir. Azərbaycanın Çinlə münasibətləri daim yüksələn dinamika nümayiş etdirir.

Hindistan hazırda Çin-Pakistan-Azərbaycan-Türkiyə əməkdaşlığının şaxələndirilməsindən dərin depressiya keçirir. Onun Ermənistana silah tədarükü cəhdləri də məhz bu əməkdaşlığa qarşı atılan addımdır. Bu addımın uğursuz olması artıq Ermənistanın özündə də etiraf edilir.

BRİKS və ŞƏT-də iqtisadi əməkdaşlıq Çin və Hindistan arasındakı münasibətlərdəki gərginliyi azaltmır. 70 milyard dollarlıq hərbi büdcə ilə Hindistan Çin kimi nəhəng dövlətin 225 milyardlıq hərbi büdcəsinin əzəməti qarşısında əzilməmək üçün vəsaitlərinin önəmli bir hissəsini yeni silah sistemlərinin alınmasına ayırmağa məcbur olur. Bu sistemlərin də alınması və istehsalı Cin-Pakistan qarşısında güc balansını azacıq da olsa qorumaq məqsədilə həyata keçirilib.

Ermənistanın əldə edəcəyi AKASH yararsızdır

Ermənistana satılması planlaşdırılan AKASH sistemlərinin Hindistan ordusuna tədarükünə quru qoşunlarının komandanlığı ilk gündən inadla müqavimət göstərib. Buna səbəb hava hədəflərinin ələ keçirilməsi zamanı kompleksin operativ reaksiyasının döyüş birləşmələrində istifadə üçün uyğun olmamasıdır.

AKASH kompleksinin yerüstü elementləri, xüsusilə də üçölçülü “Rajendra” radarının yüksək radiolokasiya siqnalları sayəsində düşmən tərəfindən asanlıqla aşkar edilməsindən ibarətdir. Bununla belə, AKASH sisteminin əsas komponentlərinin Hindistanda istehsal olunması və milli müdafiə sənayesi ilə Müdafiə Nazirliyinin ortaq təzyiqləri səbəbindən quru qoşunlarının geri addım atması ilə nəticələnib.

Görünür, indi Hindistan quru qoşunları üçün daha uyğun NG versiyasını modernləşmə yolu ilə əldə etdiyinə görə daha zəif olan AKASH üçün silah dilənçisi olan Ermənistanın simasında ilk xarici müştərini tapıb. AKASH raketlərinin analoqlarından 3 dəfə ucuz, yəni 500 000 dollara satılması da bu silahların məhdud imkanları və yararsız olması ilə bağlıdır.

Hindistan silahları Ermənistana fəlakət gətirə bilər

Lakin nə Hindistanın, nə də digərlərinin 21 min fərariyə malik Ermənistana silah ötürməsi heç bir halda Cənubi Qafqaza çoxdan gözlənilən sülhü gətirməyəcək, bu təchizat yaxın perspektivdə yenidən münaqişənin alovlanmasına, ardınca isə Hindistan silahlarının da növbəti paradların birində hərbi qənimət kimi Ali Baş Komandan İlham Əliyevə təqdim olunmasına və Hərbi Qənimətlər Parkının eksponatına çevrilməsinə səbəb ola bilər.

Hindistan silahlanmadan çıxarmaq istədiyi və ya döyüşlərdə aktuallığını itirən bəzi silahları cırtdan Ermənistana sata bilər. Böyük itkilərə məruz qalan Ermənistanın Hindistandan bir miqdar silah alması Azərbaycanla güc balansına təsir etməyəcək.

30 illik işğal tarixinə malik olan, hələ də 8 kəndimizi işğalda saxlayan Ermənistanın təyinatından asılı olmayaraq əldə etdiyi istənilən silah birmənalı şəkildə Azərbaycana qarşı istifadə üçün nəzərdə tutulur. İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Bakı ilə sülh sazişinin imzalanmasını 3 ildir uzatması, sərhədlərin təyin edilməsi istiqamətində real addımlar atmadan fasiləsiz olaraq silah almaq niyyəti kövrək atəşkəs rejimi üçün ciddi təhdidlər yaradır. Bu isə Ermənistana əvvəllər olduğu kimi, ürəkaçan heç nə vəd etmir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Hindistan   Ermənistan  





Xəbər lenti