Stratfor: “İrəvan Bakının tələblərini qəbul edəcək”

   Stratfor:    “İrəvan Bakının tələblərini qəbul edəcək”
  09 Yanvar 2024    Oxunub:1169
Tranzit və sərhədlərin delimitasiyası məsələlərində İrəvan Azərtbaycanın tələblərini qəbul etməli olacaq.
AzVision.az xəbər verir ki, ABŞ-nin məşhur “Stratfor” analitik mərkəzinin bu il üçün açıqladığı proqnozlarda belə deyilir. Mərkəzin analitiklərinin fikrincə, Ermənistan Bakı ilə sülh sazişi bağlamaq üçün səylərini davam etdirəcək, lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ixtilafı danışıqlara mane olacaq.

“Ermənistan və Azərbaycan arasında sülh sazişinə doğru irəliləyiş mümkündür. Ermənistan Bakıya qarşı çıxmaq üçün Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən istifadə edəcək. Lakin İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, o, yəqin ki, Ermənistanın cənubundan tranzit və sərhədlərin delimitasiyası məsələlərində Bakının irəli sürdüyü tələbləri qəbul edəcək”, - analitik mərkəzin hesabatında vurğulanır.

Qeyd edək ki, özəl kəşfiyyat və analitik şirkəti olan "Stratfor" 1996-cı ildə amerikalı politoloq Corc Fridman tərəfindən təsis edilib və indi də onun rəhbərliyi altında fəaliyyət göstərir.

Qlobal proseslər haqqında məlumat toplayan və onları təhlil edən şirkət, məlumatları mediadan və digər açıq mənbələrdən, habelə öz mənbələrindən alır. Toplanan məlumatlar əsasında şirkətin analitikləri iqtisadi və geosiyasi proqnozlar hazırlayırlar.

Maraqlıdır ki, “Barron's Magazine” həftəlik jurnalında dərc olunan məqalələrdən birində “Stratfor” şirkəti “kölgə Mərkəzi kəşfiyyat idarəsi (MKİ)” adlandırılıb.

Bəzi analitiklər bununla “Stratfor”un əslində MKİ-nin nəzarəti və məlumatları əsasında fəaliyyət göstərdiyinə eyham vurulduğunu iddia edirlər.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Stratfor   proqnoz  





Xəbər lenti