Prorektor rüşvət alarkən yaxalandı - RƏSMİ AÇIQLAMA

Prorektor rüşvət alarkən yaxalandı - RƏSMİ AÇIQLAMA
  16 Aprel 2013    Oxunub:1410
Baş Prokurorluq Lənkəran Dövlət Universitetinin prorektorunun tutulması ilə bağlı rəsmi məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Lənkəran Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə həmin ali təhsil müəssisəsinin tələbəsinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar həmin universitetin tələbəsindən xəstəliyinə görə akademik məzuniyyət verilməsi üçün 500 manat məbləğində rüşvət tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Q.Ağayev aprelin 15-də xidməti otağında tələbədən 400 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Q.Ağayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.



Teqlər:  





Xəbər lenti