Bayden-Tramp qarşıdurmasında ehtiraslar coşur

/ / Tramp Baydenə xəbərdarlıq edib / /

    Bayden-Tramp qarşıdurmasında ehtiraslar coşur
  09 Yanvar 2024    Oxunub:3400
ABŞ-nin sabiq prezidenti və bu ilin noyabrında keçiriləcək prezident seçkilərinə qatılmağa ən real namizədlərdən biri və bəlkə də birincisi olan Donald Tramp indiki prezident Co Baydeni hədələyib.
AzVision.az Donald Tramp özünün “Truth Social” şəbəkəsində etdiyi paylaşımda, onun şikayəti əsasında məhkəmənin dövlət başçılarının toxunulmazlıq hüququnu tanımayacağı halda, gələcəkdə indiki ABŞ prezidenti Co Baydenə qarşı cinayət işi açılacağını deyib.

“Əgər mənim toxunulmazlığım yoxdursa, o zaman korrupsiyaya qurşanmış Co da ona sahib olmayacaq. Hələ onun cibinə girən milyonlarla dollar xarici pulları demirəm, elə Əfqanıstanın sərhədyanı işğal vasitəsilə təslim edilməsinə görə, Co cinayət ittihamı üçün yetişmiş olacaq. Ədliyyə nazirliyini mənə, siyasi opponentinə qarşı silah kimi istifadə etməklə Co nəhəng Pandorra qutusunu açır”, - Tramp yazıb.

Tramp prezident toxunulmazlığına və cinayət təqibinə məruz qalmamaq hüququna malik olduğunu sübuta yetirmək üçün bu gün Vaşinqtonda keçirilən apellyasiya məhkəməsində şəxsən iştirak edəcəyinə söz verib.

ABŞ-nin Ali Məhkəməsi bundan əvvəl prokurorların Trampın hüquqi toxunulmazlığının əhatə dairəsi və onun ittiham olunduğu bir sıra cinayət epizodlarına tətbiqi məsələsinə tez bir zamanda yenidən baxılması barədə sabiq prezidentin tələbini rədd edib.

Trampın özü məhkəməni Vaşinqtonun federal məhkəməsində gedən və digər epizodlarla yanaşı, keşmiş seçkilərdən sonra opponenti demokrat Co Baydenin qələbəsini təsdiqləyən qərarın qəbuluna mane olmaq məqsədilə onun tərəfdarlarının Kapitoliyə hücumunu da araşdıran məhkəmə prosesinin sürətləndirilməsinə razılıq verməməyə çağırıb.

Bu kontekstdə, Trampın müdafiəsi iki əsas müstəvidə qurulub. Birincisi, dövlət başçısı kimi onun toxunulmazlıq hüququ var. İkincisi isə, seçkilərdə məğlub olması iddiası ilə razılaşmayan Tramp, söz azadlığı hüququndan istifadə edib.

Dörd cinayət işi çərçivəsində ümumilikdə 91 ittihamla qarşılaşmış Donald Tramp, bu prosesi demokratik isteblişmentin onun Ağ Evə qayıtmasına mane olmaq cəhdi kimi qiymətləndirir. Ən ağır maddələr üzrə isə Trampın 20 il həbs cəzası almaq qorxusu var.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Trampın növbəti prezident seçkilərində iştirakına qadağa qoyulması barədə ABŞ-nin 32 ştatının məhkəmələrində iddialar qaldırılıb. Onların yarısının rədd edilməsinə və ya iddiaçılar tərəfindən geri götürülməsinə baxmayaraq, Kolorado və Men ştatlarında Trampın respublikaçılar partiyasının daxili (ilkin) seçkilərində iştirakına qadağa qoyulub. Daha 15 ştat isə bu siyahını genişləndirmək iddiasından hələ əl götürməyib.

Əksər ekspertlərin fikrincə, keçən prezident seçkilərində qələbəsi “oğurlanan” ekssentrik siyasətçi Donald Trampın yenidən hakimiyyətə qayıtması demokratlar üçün ən qorxulu yuxudur. Buna görə də, ABŞ-nin siyasi elitası 2016-cı ildə sistemin təmsilçisi olmayan və daha çox bu dairələrdə təsadüfi fiqur kimi qiymətləndirilən Donald Trampın qələbəsinin təkrarlanmasına yol vermək istəmir. Məhz bu baxımdan, müxtəlif səpkili iddialar əsasında ona qarşı cinayət işləri açılır ki, bu da öz növbəsində, ABŞ-də seçkilər prosesini məzhəkəyə çevirir.

Bütün çətinliklərə baxmayaraq, hələ də dünyanın yeganə fövqəldövləti olan ABŞ-da baş verən bu cür daxili siyasi oyunlar isə ölkənin xarici siyasət kursuna ciddi təsir göstərir və qlobal miqyasda baş verən hadisələrin proqnozlaşdırıla bilməyən məcraya yönələ bilməsi təhlükəsini daha da artırır. Belə ki, ölkə daxilində hakimiyyət uğrunda mübarizədə bir-birinə badalaq vurmağa çalışan demokratlar və respublikaçılar öz aralarınadkı qarşıdurmanı beynəlxalq münasibətlər müstəvisinə çıxarırlar ki, bu da qlobal təhdidlər üçün əlverişli zəmin yaradır.

Ukraynaya, İsrailə və Tayvana külli miqdarda maliyyə və hərbi dəstək məsələsində həm ABŞ Konqresi daxilində, həm də Konqreslə Ağ ev arasında yaranmış ikitirəlik və sövdələşmələr bunun əyani sübutudur.

Yeri gəlmişkən, bir ay əvvəl “The Wall Street Journal” nəşrinin keçirdiyi sorğunun nəticələrinə görə, Trampla Bayden arasında seçim edilərsə, respondentlərin 47%-nin sabiq, 43%-nin isə hazırkı prezidenti dəstəkləməyə hazır olduğu aydınlaşıb.

Digər 5 potensial namizəd də qeydə alınmaqla isə, rəyi soruşulanların 37%-i Trampı, 31%-i isə Baydeni dəstəkləyib.

Respondentlərin yarıdan çoxu (53%) özlərini Baydenin siyasətindən zərər gördüyünü, vətəndaşların 23%-i isə onun fəaliyyətinin faydalı olduğunu bildirib. Trampın siyasətinə gəldikdə, seçicilərin 49%-i bunu müsbət, 37%-i isə mənfi qiymətləndirib. Qeyd edək ki, ötən il ərzində bir sıra məşhur analitik mərkəzlərin və nəşrlərin keçirdiyi sorğuların nəticələri Donald Trampın Co Baydeni üstələdiyini göstərir.

Amma seçici hüsn-rəğbətinin qeyr-sabit və keçici bir hiss olduğunu, habelə son illərdə ABŞ-da baş tutmuş seşkilərlə və onların nəticələri ilə bağlı yaşanan ekssesləri nəzərə alsaq, bu xəmirin hələ çox su aparacağını söyləmək olar.
Sahil İsgəndərov, politoloq

AzVision.az


Teqlər: Tramp   Bayden  





Xəbər lenti