Uğur, Zəhra, Yusif, Məryəm: 5 ilin ən məşhur adları niyə dəyişilmir?

      Uğur, Zəhra, Yusif, Məryəm:    5 ilin ən məşhur adları niyə dəyişilmir?
  10 Yanvar 2024    Oxunub:1728
Azərbaycanda yeni doğulan qız və oğlan uşaqlarına verilən adlar içərisində Zəhra və Uğur ən populyardır.
AzVision.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, son beş ildə 7252 oğlan uşağına Uğur, 7058 qız uşağına Zəhra adı qoyulub.

Keçən il də Uğur və Zəhra adları uşaqlara verilən adlar içərisində lider olub. Belə ki, 1800 oğlan uşağına Uğur, 1644 qız uşağına Zəhra adı qoyulub.

Ümumiyyətlə, Uğur, Zəhra adları ilə yanaşı, Əli (7117), Yusif (6752), Hüseyn (6561), Zeynəb (5717), Məryəm (5630), Aylin (5422), Fatimə (4882), Mələk (4790) adları son 5 ildə yenidoğulmaşlara verilən adları içərisində öz liderliklərini qoruyub saxlayırlar.

Bəs bu adların populyarlığı nədən qaynaqlanır?

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova AzVision.az -a açıqlamasında bildirib ki, uşaqlara verilən adların populyarlığı bir neçə məqamdan qaynaqlanır:

"Biz ad seçimində valideynləri məcbur edə bilmərik. Valideynlər populyar olan, ətrafındakıların daha çox istifadə etdikləri adları övladlarına seçirlər. Bu baxımdan 2022-ci ildə ən çox istifadə edilən ad Uğur oldu (2032). Amma Uğur adı 2010-cu ildə uşaqlara elə də çox verilmirdi. Uğur adının seçilməsi, təbliğ olunması, seriallarda göstərilməyi bu adın geniş yayılmasına təkan verdi".

S.Sadıqova dini adların hələ də lider olmasının insanların dinə bağlılığı ilə müəyyən qədər əlaqələndirsə də, burada başqa məqamların da təsirli olduğunu vurğulayıb.
- Məsələn, qızlara daha çox dini adlar verilir. Biz bunu ASAN xidmətlərdən verilən məlumatlarda biz bunu müşahidə edirik. Amma oğlan uşaqlarında vəziyyət fərqlidir. Yusif adının hələ də ilk üçlükdə olması daha çox seriallarla bağlıdır. Belə ki, Yusif Peyəmbər haqqında film göstərilməyə başladıqdan sonra insanlar uşaqlarına Yusif adını verməyə başladı. Bir dəfə statistik məlumat aparmışdıq. Məlum olmuşdu ki, 1000 addan 470-i Yusifdir.


Professor qeyd edib ki, xalq baxdığı tamaşalar, adın onlara verdiyi emosiyaları nəzərə alaraq uşaqlarına elə ad seçirlər. S.Sadıqova son dövlərdə insanların qədim adlara meylinin artdığını da vurğulayıb.

"Belə ki, qədim abidələrdə, "Dədə-Qorqud"da olan Tural, Qanturalı, Selcan, Banuçiçək, Banu adlarının verilməsi hazırda üstünlük təşkil edir. Xalq öz milli adlarına qayıdır və onlardan istifadə çoxalır. Məsələn, Beyrək adının hal-hazırda statistik məlumatlarda artdığını müşahidə edirik. Bu adların səsələnməsi də gözəldir. Atilla, Alpay türkmənşəli adları da bu qəbildəndir. Dünyagörüşü, təfəkkür tərzi geniş olan şəxslər övladlarına daha çox bu adları verirlər.

Bu gün türk seriallarında olan adların uşaqlara qoyulması da davam edir. Onların içərisində də yaxşı adlar var. Hətta bəziləri heç zaman bizdə olmayıb. Türk seriallarından gələn Öndər, Dəniz, Dərya adları üstünlük təşkil edir. Həmçinin Şirin adının da verilməsi çoxalıb. Məlumdur ki, Şirin adı Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində olsa da, elə də çox istifadə edilmirdi. Seriallarda onu eşitdikdə xalqa da təsir edir və onu yenidən gündəmə gətirirlər. Əvvəllər Əli, Vəli, Əhməd, Qızqayıt, Anaxanım kimi adlar verilirdisə, artıq bu adlar yavaş-yavaş sıradan çıxır. İnsanlar daha çox səslənməsi, yazılışı, mənası gözəl olan adlara xalq üstünlük verir", Sayalı Sadıqova əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti