Mübariz İbrahimov anıldı

Mübariz İbrahimov anıldı
  21 İyun 2014    Oxunub:6630
Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi anılıb.
Rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri Milli Qəhrəmanın doğulub böyüdüyü evi ziyarət etmiş və ailə üzvləri ilə görüşüblər.

Görüşdə Mübariz İbrahimovun şərəfli ömür yolundan söz açılıb.

Qeyd edilib ki, o, xidmət etdiyi hissənin Tərtər istiqamətində düşmənin işğalı altında saxlanılan Çaylı kəndindəki qərargahına girərək əsl cəngavər kimi 5 saat ermənilərlə təkbaşına döyüşüb və qəhrəmanlıqla həlak olub. Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucalıb.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Dövlətimizin başçısının bu yüksək qiyməti respublikamızın hər yerində igid Vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılanıb.

Qeyd edilib ki, Mübariz İbrahimov ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları Milli Qəhrəmana məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar./Azərtac/


Teqlər:





Xəbər lenti