"Seçkilərdə ən böyük dəstəkçim qızımdır" - Zahid Orucla MÜSAHİBƏ

   "Seçkilərdə ən böyük dəstəkçim qızımdır" -    Zahid Orucla MÜSAHİBƏ
  11 Yanvar 2024    Oxunub:1619
Xəbər verdiyimiz kimi fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.
AzVision.az namizədliyi qeydə alınan millət vəkili Zahid Orucla müsahibəni təqdim edir:

- Zahid Bəy, seçkilərdə özünüzdən başqa namizədlər arasında dəstəklədiyiniz şəxs varmı?
- Seçki prosesi əlbəttə ki, ən sonda vətəndaşların səs verməsi ilə yekunlaşır. Amma 7 fevral bizim mübarizə apardığımız ən böyük tarixdir. O anlamda ki, biz ölkənin gələcəyi üçün olan bir prosesdəyik. İdeyalarımız özünə tərəfdar toplayacaq. Ola bilsin ki, bu, seçki qutularında, bülletendə ifadə olunmasın. Ancaq nəzərə alın ki, müəyyən bir mərhələdə ümumxalq kampaniyalarında iştirak edən qüvvələr, hətta seçkidən kənarda, məsələn, elm və ictimai həyatda bir mövqe sahibi, hətta din aləmində bir fikir, əsər müəllifi çox sonralar insanların düşüncəsində, mühakiməsində, qiymətləndirməsində çox arzu etdikləri dəyəri alıblar.

Hər bir məsələ yalnız birinci yerdə olmaqla ölçülmür. Hamı hüquqi anlamda qalib ola bilməz. Amma siyasi və mənəvi qalib ola bilər. Ona görə də şübhəsiz mənim söykəndiyim platforma ən güclüdür.

Hər zaman Heydər Əliyevçi kimi tanınmışam. Bu platformanı təmsil etməyin özü bir uğurlu prosesdir. Ona görə də burada hamıya rəqib kimi baxmaq lazım deyil. Zamanında Azərbaycana siyasi düşmənçilik, çadır şəhərciyi vəd edən düşüncələr mənim rəqibimdir. Bizim hədəfimiz həmin qüvvələr olacaq. Mənim üçün ideyalar çox önəmlidir.

- Zahid bəy, elə bir namizəd varmı ki, seçki prosesi başlayan zaman ehtiyac yaranarsa, onun xeyrinə öz namizədliyinizdən imtina edəsiniz?
- Siz özünüz də görürsünüz ki, ardıcıl şəkildə seçki təqvimimizə uyğun olaraq ciddi informasiya kütləsini cəmiyyətimizə çıxarmağa çalışırıq. Ona görə də əminəm ki, sizin hər biriniz bizim mübarizəmizi sona qədər görəcəksiniz.

- Digər namizədlərlə münasibətiniz necədir?
- Hər birinə ehtiramla yanaşıram. Uzun illər siyasi həyatda aktiv iştirak ediblər. Dövlətçilik proseslərini dərk edirlər. Özlərinə məxsus ideoloji kursun üzərindədirlər. Çevrələri var. Azərbaycan insanları onları tanıyır. 90-cı illərin ağır mərhələlərini görüblər.

Digər tərəfdən şübhəsiz ki, bizim bir sıra məsələlərə baxışlarımız kəskin fərqlənir. Bu da çox normaldır. Sokratın sözü ilə desək, hamı eyni cür düşünsəydi, hamı bir tərəfə gedərdi və yerin o üzü əyilərdi. Bəşəriyyətdə balans ideologiyasının üzərindəyik. Ona görə də əyilməni istəmirik. Qarşılıqlı hörmət, bir-birinə olan normal siyasi mədəniyyətdən qaynaqlanan münasibətlər əsla bizim müxtəlif məsələlərə sərt, kəskin fikir ayrılıqları çərçivəsində olan diskusiyaları aparmağımızı qadağan etmir. Əksinə cəmiyyətin xeyrinədir. Əminəm ki, qarşıdakı təşviqat-təbliğat dövründə özünü göstərəcək.

- Ailəniz seçkilərə qatılmağınıza nə deyir. Onlardan dəstək ala bilirsinizmi?
- Onlar bunu həmişə alqışlayıblar. Mənə hər cür dəstək verməyə çalışırlar. Özlərinə məxsus baxışları var. Hər iki övladım yüksək təhsil görüblər. Cəmiyyət üçün yararlı övladlar böyütdüyümə görə qürurluyam. Xüsusi ilə də qızım belə məsələlərdə aktivlik göstərir. Öz yardımını etmək üçün müxtəlif metodlar tapır. Şüarların seçilməsi, ideyalarımıza baxışlarda fikrini deyir. Hər bir məsələdə onların tələbkar, obyektiv mövqeləri var. Milli prosesdə yanımdadırlar.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti