Bakıda sexdəki partlayışda ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB+ FOTO-VİDEO
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
DİN-dən bildirilib ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilir, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: