Nazir müavini ötən ilin yekunlarına dair hesabatı açıqladı

   Nazir müavini ötən ilin yekunlarına dair hesabatı açıqladı
  16 Yanvar 2024    Oxunub:871
Ötən il sayca 4-cü sosial paket həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib. O qeyd edib ki, minimum əməkhaqqı, minimum pensiya məbləğləri, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları, bir çox müavinət və təqaüdlər, həmçinin digər sosial ödənişlərin məbləğləri əhəmiyyətli dərəcədə artıb.

Nazir müavininin sözlərinə görə, pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb.

"Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib.

Müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb".

A.Əliyev qeyd edib ki, ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub.

"Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əmək haqqı fondunda 15 faiz artım baş verib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti