Deputat: "İlk debatlardan çıxardığım nəticələr"
İkincisi, bu debata baxandan sonra özlərini əsl müxalifət adlandıran bir çoxlarının niyə Prezidentliyə namizədliklərini irəli sürmədiklərinin başqa bir səbəbi də üzə çıxır. Burada söhbət Əli Kərimlidən getmir. Kərimlinin seçkini boykot qərarı Azərbaycanın öz torpaqlarını onların əleyhinə çıxmasına rəğmən işğaldan qurtarıb üzərində suverenliyini tam təmin etməsindən narazı qalan güclərin diqtəsi ilə olub. Ancaq orası da var ki, ayıq adam olduğundan yəqin diqtəsiz də o, Müsavatın rəhbərliyindəkilər kimi seçkiyə qatılmayacaqdı. Çünki belədə təkcə indiki dövlət başçısının yox, digər namizədlərin də hamısının olmasa da, bir neçəsinin kölgəsində qalacaqdılar.
Dünənki debatı diqqətlə izləyən istənilən savadlı adam Zahid Orucla Fazil Mustafanın intellekt, strateji vizion, prosesləri dəqiq qiymətləndirmək və düzgün nəticə çıxarmaq baxımından Milli Şura adlanan təsir agentləri şəbəkəsində cəmləşənlərin hamısından üstün olduqlarını dərhal hiss edəsidir. Yəqin onu da hiss edəsidir ki, digər namizədlər xalqın böyük əksəriyyətinin kimə rəğbət bəslədiyini və seçkinin necə nəticələnəcəyinin yaxşı fərqindədirlər. Onlar seçkiyə daha çox xalqın, dövlətin gələcəyi baxımından reallaşdırılmasını mühüm saydıqları məsələlərı səsləndirmək üçün qatılıblar.
Xatırladım ki, 2018-ci ildəki seçkidən sonra andiçmə törənində Prezident İlham Əliyev debatlarda irəli sürülən bəzi ideyaların da nəzərə alınacağını demişdi və bu nəzərə alındı da. Əminəm ki, yenə də eyni yanaşma olacaq. Burada Azərbaycan Prezidentinin yanvarın 10-da yerli telekanallara verdiyi intervüdə yeni milli ideya və hədəflərlə bağlı siyasətçiləri, alimləri, ziyalıları diskussiyaya çağırması da unudulmamalıdır.
Əslində namizədlər də, elə xalq da yaxşı bilir ki, Qarabağın bir zamanlar haylar yaşayan hissəsinin də ölkənin digər hissəsinə tam siyasi inteqrasiyasının rəmzi rolunu oynayacaq 7 fevral seçkisində hədəf bir nömrəli postdan çox xalqın son üç ildə qazandığı qələbənin əbədiliyinin təmin edilməsidir. Pafoslu təsir bağışlasa da, bu bir həqiqətdir və seçkiyə “Qalib Xalqın Qalib Lideri” şüarı ilə gedilməsi də elə onun təsdiqidir.
Və o da həqiqətdir ki, cənab İlham Əliev üçün önəmli olan hakimiyyətin yox, bizi hələ çox zəfərlərə aparacaq yolun davam etdirilməsidir. O yolun adı isə Heydər Əliyev yoludur .
Sahib Alıyev, Milli Məclisin üzvü
AzVision.az