"İnsanlar qatar tunellərinə düşüb qaçırdı" - Qanlı gecənin şahidi olan maşinist

  "İnsanlar qatar tunellərinə düşüb qaçırdı"  - Qanlı gecənin şahidi olan maşinist
  20 Yanvar 2024    Oxunub:1698
1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə, 34 il əvvəl Bakı azadlığı uğrunda silahsız mübarizəyə qalxan insanların ölümünə şahidlik etdi, küçələr qan gölünə döndü. 70 il Azərbaycana qarşı davam edən Sovet təcavüzü bir gecədə tarixin ən dəhşətli faciəsi ilə nəticələndi. Həmin gecə 137 günahsız insan milli mübarizədə amansızlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı.
Qanlı gecənin şahidlərindən biri də “Bakı Metropoliteni” QSC-nin qatar maşinisti Cahil Həsənovdur . 25 yaşlı Cahil 19 yanvar gecəsi saat 23:00-da işini bitirib evə getməli idi. Amma təlimatçı maşinistdən məlumat gəlir: “Evə getməli olanlar getməsin. Şəhərdə vəziyyət gərgindir. Kömək lazım ola və metro səhərə qədər işləyə bilər”.


- Ümumiyyətlə, insanlar azadlıq uğrunda mübarizə üçün demək olar ki, hər gün mitinq edirdi. Son günlər isə vəziyyət daha da gərgin idi. Bundan əvvəl dekabrın 5- də Azadlıq meydanında mitinq olanda dəyənək ilə insanları döyərək dağıtmışdılar. Fikirləşirdik ki, 19 yanvar tarixində də belə olacaq. Amma olmadı... Heç kəs fikirləşmirdi ki, dinc aksiya sonda qanlı faciə ilə bitər.

Danışdıqca 34 il əvvəl baş verənlər sanki dünən olmuş kimi gözümün qarşısından keçir. Sanki yenə səhərə qədər işləyib insanlara kömək etmiş kimi bir hiss keçir” ,- deyə maşinist 20 yanvar gecəsi olanları yada salaraq bir az nəfəsini dərir.

“19 yanvar günü saat 16:00-dan axşam 23:00-a qədər işdə olmuşam. İşimi bitirib evə getməli idim. Lakin təlimatçı maşinist İbrət Tahirov məlumat verdi ki, evə gedənlər getməsinlər, çünki metro səhərə qədər işləyə bilər və kömək lazım olar. Biz də etiraz etmədik. Kimin evi yaxın idisə, onlar yemək gətirməyə getdi. Akif Rahimov adlı maşinistin evi "Neftçilər" metrosunun yaxınlığında idi, onlara gedib yemək götürüb geri qayıdanda artıq axşam 12-yə qalırdı. "Neftçilər" metrosu yaxınlığında hay-küy, atışma səsləri eşidildi. Mikrafonla sakinləri küçəyə çağırırdılar. Metroya minib, Nərimanov stansiyasına gəldik. Pilləkənlərı qalxanda yaralı gətirildiyini gördük. Dedilər Çapayev küçəsi (İndiki Təbriz küçəsi) leytenant Şmit adlı zavodun qarşısında insanları güllələyirlər. Bu barədə təlimatçı maşinistə xəbər verdik. Biz 4 nəfər idik, göstəriş verildi ki, yaralıları daşımaq üçün küçəyə gedək. Dəmirov texnikomun qarşısına çatanda baxdım ki, işıqlı güllələrlə insanları vururlar. Bir təcili yardım, eyni zamanda yük maşını vurulub yolda qalmışdı. Qarşısında şnel var idi, onu qaldıranda altında meyit gördüm, çıxartmağa çalışdım, amma məni də gülləyə tutdular. Yoldaşlarım qışqırdı ki, “səni də vuracaqlar, qaç”. Gizləndik. Atışma sakitləşəndən sonra yaralının birini Nərimanova gətirdik”.


Həmin an maşinistlərə təlimatçıdan məlumat gəlir: "“İçərşəhər” metrostansiyasında insanlar çoxdur və onları aparmaq lazımdır. Təcili əlavə qatarla yardım edin".

“Depodan əlavə qatar verildi və “İçərişəhər”ə getdik. İnsanlar tunellərə düşüb qaçırdı. Bu barədə dispeçərə məlumat verdik. Çünki getmək mümkün deyildi. Təlimat verildi ki, qatarı saxlayıb, onları götürək. Beləliklə, insanları götürüb kabinədən salona keçirdik. Stansiyaya daxil olub, digər şəxsləri də götürdük”.

C.Həsənov səhərə qədər metronun dayanmadan işlədiyini qeyd edib. O vurğulayıb ki, əgər həmin gecə metro işləməsəydi, ölənlərin sayı minlərlə olardı. Qanlı gecədə metro insanların sığınacaq yeri olmuşdu.

“20 yanvar günü saat 09:00-da artıq növbə dəyişilirdi. Evə getməli idik, amma yenə gedə bilmədik. "Neftçilər" metrostansiyasından çıxanda gördüm ki, şəhərdə ancaq hərbçilər, tanklar, BTR-lər hərəkət edir. Geri qayıtdım. Təlimatçı bizi Azadlıq meydanına göndərdi, orada məlumat verildi ki, Şəhidlər Xiyabanında qəbir qazılır, kömək lazımdır. Həmin gün evə gedə bilmədim. Səhəri günü isə daha ağır xəbər aldıq. Qanlı gecədə iş yoldaşımız, çilingər İlqar Qarayev şəhid olmuşdu. Evin tək uşağı idi. 21 yanvar günü onu dəfn elədik.

34 il keçməsinə baxmayaraq həmin acı hələ də ürəyimizdədir. Olanları unutmaq mümkün deyil və unutmarıq da...”



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti