90-cı illəri xatırladan o qız: "Hər il bir şəhidin portretini daşıyacağam"
- Südabə xanım, sanki 90-cı illərdən bir parçasınız, qopub dövrümüzə düşmüsünüz…Hər il 20 Yanvar faciəsinin anım günü bu mənzərəni təkrar görürük.
- Mənim imicim retro tərzidir. Belə geyimləri, saç stilini çox sevirəm…Anam rəssamdır. Salyanda 4 saylı orta məktəbdə işləyir. Mən gözümü açandan evimizdə şəhidlərin portretini görmüşəm.
Birinci kursda oxuyanda İlham və Fərizənin portretini əlimdə tutub Şəhidlər Xiyabanına getdim. Məqsədim ailələrindən kiminləsə rastlaşmaq və portreti onlara vermək idi. Ona qədər düşünməzdim ki, kimsə Azərbaycanda İlham və Fərizəni tanımasın, amma təəssüf ki, yolda insanların donuq baxışları ilə rastlaşdım. Tanımayanlar oldu, yaxınlaşıb soruşurdular ki, bunlar kimdir. Hətta şəhid olduqlarını bilmirdilər. Ondan sonra belə bir qərar verdim ki, hər il 1 şəhidin portreti ilə xiyabanı ziyarət edim və insanlar şəhidlərimizi yaxşı tanısın. Artıq 3-cü ildir ki, bunu edirəm. Ötən il şəhid Ülvi Bünyadzadənin, bu il isə Salayanın yeganə 20 Yanvar şəhidi Elçin İmanovun portreti ilə getdim. Həmin portretləri anam çəkir.
-Adətən sizin yaşınızda olanlar bu mövzulara bu qədər həssaslıq göstərmir. Amma siz fərqlənirsiniz. Bu nədən qaynaqlanır?
-Bu ailədən irəli gəlir. Anam həmişə öz rəsm əsərlərində vətənpərvərlik motivlərinə üstünlük verib. Tarixi şəxsiyyətlərin, şəhidlərin portreti bizim evin divarlarında olub. Gözümü açıb evimizdə Babəkin portretini görmüşəm. Mənim üçün bu həyatda vətəndən o tərəf anlayışı yoxdur.
- Geyimləriniz də ötən dövrü xatırladır. İnsan sizə baxanda nostalji hisslər keçirir…
-Bu, mənim öz stilimdir. Adi günlərdə də həmişə belə geyinirəm. Mənə deyirlər ki, geyimin 90-cı illəri xatırladır. Etiraf edim ki, müasir dövrün dəbi bir o qədər də xoşuma gəlmir. Ona görə də indi mənim üçün hansı modanın dəbdə olması maraqlı deyil. Həmişə öz tərzimə üstünlük verirəm. Boyunbağılarım olur ki, anam hazırlayır. Saçım qısa mənə rahatdır. 5-ci sinifdən belə edirəm.
- Yeri gəlmişkən, bildiyim qədəri ilə incəsənətə böyük marağınız var. Tez-tez teatrlara gedirsiniz, sənət adamları ilə fotolar çəkdirirsiniz.
- Salayanda böyüklər üçün teatr yoxdur. Mən Bakıya gələndən sonra teatrı daha çox kəşf etməyə başladım. Bu, bizim ailənin sənətə olan meyilliliyindən irəli gəlir. İncəsənət insnlarına qarşı məndə rəğbət hissi var. Anam aktrisalarımızın, aktyorlarımızın portretini çəkir. Bəzən onlarla görüşürük, yaxından ünsiyyət qururuq. Azərbaycanda ən sevimli aktyorum Rasim Balayevdir. Düşünməzdim ki, haçansa onunla görüşə bilərəm. Görüşəndən sonra atama dedim ki, ata, mən Babəklə görüşmüşəm.
- Hüquq psixologiyası üzrə təhsil alırsınız. Bu seçiminiz nə ilə bağlıdır?
- Əvvəllər hərbçi olmaq istəyirdim. Sonra bəzi problemlərə görə bu istəyimdən imtina etdim. Daha sonra hüquq psixologiyası ixtisası ilə tanış oldum və qərara gəldim ki, bunu öyrənim. Təəssüf ki, bu ixtisas Azərbaycada bir o qədər də inkişaf etməyib. Praktikada çox rast gələ bilmirik. Vudro Vilson hüquq psixologiyası üzrə ilk professor olub. Bu sahə üzrə mütəxəssis kimi formalaşmağı düşünürəm.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: