Seçki bülletenlərinin çapına başlanılıb

  Seçki bülletenlərinin çapına başlanılıb
  24 Yanvar 2024    Oxunub:995
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbəəyə gələrək, çap prosesinin gedişi və yaradılmış şəraitlə bilavasitə tanış olub.

Komissiya üzvləri və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət daşıyan seçki bülletenlərinin hazırlanması və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb. O, seçki bülletenlərinin qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib.

Seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.

MSK sədri bildirib ki, mətbəədə iş normal şəkildə başlayıb: "Hesab edirəm ki, proses bir həftəyə başa çatacaq. Paylanma işləri isə çap prosesinin bitməsini gözləmir. Kifayət qədər bülletenlər hazır olanda ilk növbədə Naxçıvan Muxtar Respublikası və sonra ucqar kəndlərdə yerləşən dairələrin nümayəndə heyəti gələrək rəsmi şəkildə təhvil alırlar və yerlərə çatdıracaqlar”.


AzVision.az


Teqlər:





Xəbər lenti