Qrant üçün AŞPA-ya çəpik çalanlar

      Qrant üçün    AŞPA-ya çəpik çalanlar
  24 Yanvar 2024    Oxunub:1181
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklif olunub. Bu gün Monitorinq Komitəsi öz rəyini hazırlayıb plenar iclasa təqdim edəcək və rəyin müzakirəsindən sonra qərar qəbul olunacaq.
Uzun illər işğalçı Ermənistana təzyiq göstərməmiş AŞPA-nın ədaləti bərpa edən Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqeyə keçəcəyi gözlənilən idi. Çünki təşkilat əsasən Fransanın təzyiq və diktəsi ilə fəaliyyət göstərir. Amma qurumun məlum təklifini eşidən içimizdəki fitnəkar sürüsü, xain şəbəkəsinin dərhal sevinc dolu paylaşımlara keçməsi anlaşılan deyil.

Azərbaycana qarşı qərəzdə Berlin Parislə yarışa girib
AŞPA-nın ölkəmizə, ümumilikdə xalqımıza qarşı haqsız təzyiq və siyasətinə dəstək verən və bunu “insan haqları problemi” ilə izah etməyə çalışan həmin şəxslər də gözəl anlayırlar ki, məsələnin kökündə başqa amillər var. Yəni, məqsəd “insan haqları” deyil, Qarabağ məsələsini əvvəlki münaqişə həddinə qaytarmaqdır...

Çünki qonşu ölkənin torpaqlarına təcavüz etmiş İrəvanı əzizləyən bu şura Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün prosesi dondurmağa və ölkəmizi “reallıqla” barışmağa məcbur etməyə çalışırdı.

Hələ 2001-ci ildə Azərbaycanın AŞPA-ya qəbul olunması cəmiyyətimizdə bu quruma olan ümidləri artırmışdı. Təşkilata ona görə rəğbət göstərdik ki, onun ümumbəşəri dəyərləri təbliğ, insan haqları və demokratiyanı təşviq edəcəyini və xüsusilə beynəlxalq ədaləti dəstəkləyəcəyini gözləyirdik. Həmin illərdə torpaqlarımızın 20 %-i işğal altında saxlanılırdı. Etnik təmizlənməyə məruz qalmış, 1 milyona yaxın qaçqın və köçkünlərin olduğu Azərbaycan Avropa Şurasının və onun Parlament Assambleyasının bəyan etdiyi dəyərlərin həyatda real tətbiqinə, ən kobud şəkildə pozulmuş insan haqlarının müdafiə olunmasına və beynəlxalq ədalətin bərqərar olunmasına böyük ümidlər bəsləyirdi. Amma torpaqların işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilmədi... Bir sözlə, üzv olduğumuz on illiklər ərzində AŞPA xalqımızın gözləntilərini doğrultmadı.

Bu gün bir daha məlum olur ki, qurumdan Avropanın aparıcı dövlətləri, xüsusən də Fransa tərəfindən öz maraqlarını təmin etmək üçün bir alət kimi istifadə edilir. Təşkilatda Fransa ilə yanaşı, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə uzlaşmır və belə vəziyyətdə AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir.

Azərbaycana qarşı heç vaxt səmimi olmayan bu qurum ölkədə ictimai-siyasi mühitin gərginləşdirilməsi istiqamətində fəaliyyətə keçməsi təəssüf doğurur. Ən böyük təəssüf isə bunun üçün qrant davasına çıxan yalıncıqlardan, içimizdəki xainlərdən də istifadə olunmasına görədir. Təklifi sevinclə qarşılayanlar da gözəl anlayırlar ki, insan haqları mövzusunda manipulyasiya daim olub və bu məsələdən təzyiq vasitəsi kimi istifadə olunur. Hətta nəinki Azərbaycana, Türkiyəyə qarşı da eyni təzyiqlər olur.

Bunu bilə-bilə AŞPA-nın qərəzli, böhtan xarakterli addımını sevinərək paylaşanlar Azərbaycanın öz torpaqlarından imtinasını da alqışlayacaq insanlardır. Onlar qrant naminə hətta xalqımızın Qarabağı azad etməsini də pisləməyə hazırdırlar.

Necə ki, sözügedən təşkilat öz statusundan istifadə edərək sülhə deyil, əksinə, sabitliyin pozulmasına və ölkələrdə gərginliyin artmasına xidmət edir, təxribat xarakterli təklifə sevinənlər də cəmiyyətdə xaosun yaranmasına çalışırlar. Maraqlıdır, sabah AŞPA Qarabağın Ermənistan ərazisi olması ilə bağlı hansısa anormal, qərəzli qərar çıxarsa, ona da çəpik çalacaqsınız? Hərçənd təşkilatın işğalçıya deyil, öz əzəli torpaqlarını geri qaytaran Bakıya təzyiq göstərməsindən anlamaq olar ki, qurum oxşar qərarlar da verə bilər. Çünki bu illər ərzində Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq AŞPA Ermənistanı qonşu dövlətin torpaqlarını işğal etmiş təcavüzkar kimi tanımadı.

Bir sözlə, qranta görə öz Vətənini satmağa çalışan, çörəyi dizinin üstündə olan həmin azərbaycanlıların bu gün revanşist, işğalçı ermənilərdən heç bir fərqi yoxdur.

Əslində hər kəs AŞPA-nın budəfəki qərarının kağız parçasından o yana keçməyəcəyini amlayır. Amma manipulyasiyalara qoşulub anti-Azərbaycan tədbirlərə sevinənləri də yaxşı tanımalıyıq. Onlar nə müxalifət adına müxalifətçilik edir, nə də hansısa “insan haqları”nın tərəfdarı deyillər. Çirkli pullar üçün heyvan haqlarını belə şişirdib qlobal problemə çevirməyə çalışan bu şəxslər əslində heç demokratiyanın, hüquqların daha da gücləndirilməsi istəyində deyillər. Bu şəbəkə sadəcə bəlli maraq və məqsədlər üçün siyasi riyakarlıq nümayiş etdirir təkcə dövlətçiliyimiz deyil, cəmiyyətimizi belə sarsıtmağa çalışır.

Bugünkü proseslər bir daha onu göstərdi ki, anti-Azərbaycan dairələr, düşmənlərimiz dayanmır, qalib xalqımıza, dövlətimizə bundan sonra xainlər vasitəsilə də təsir etməyə çalışacaqlar. Onlar bu cür qərar və fəaliyyətlərlə bizi psixoloji olaraq sarsıtmağa, ruh düşkünlüyünə sövq etməyə, döyüş və mübarizə əzmimizi aşağı salmağa çalışacaqlar. Bir daha sübut olundu ki, bəzi qüvvələr bu işlərdə əvvəlcədən ölkəmizdə, eləcə də xaricdə hazırladığı şəbəkədən - “5-ci kolon”dan, müxalif mövqe tutan şəxslərdən istifadə etməyə çalışlar...

Tural Tağıyev
AzVision.az



Teqlər:   AŞPA   Qrant   Qarabağ   İnsan-Haqları   Xain  





Xəbər lenti