Bakıda 1-ci sinif şagirdlərini təhqir edən müəllim töhmət alıb - Video |
Bizim.Media-nın əməkdaşı sözügedən müəllimi tapıb və ondan açıqlama alıb.
317 nömrəli məktəbin ibtidai sinif müəllimi Nargilə Nəsirova hadisə ilə bağlı bu fikirləri səsləndirib:
“O videonu valideynlərin istəyi ilə çəkdim. Valideynlər övladları ilə maraqlanmaq və onların potensiallarını görmək üçün bu videonu məndən istədilər. Mən də videonu çəkib, qrupa göndərdim. Əslində, videoda uşaqlar səs salır, qaçışır, lakin həmin hissələr yoxdur. Çünki o videonu valideyn komitəsinin sədri yayıb. O qadın digər valideynlərlə də yola getmir, ondan narazıdırlar.
Paylaşılan videoda qərəzli valideyn özünə sərf edən hissələri kəsib. Videonu istədiyi formaya salandan sonra səhifəsində paylaşıb. Həmin valideyn paylaşım edərək bu fikirləri yazıb: “elə edəcəm ki, o müəllim özünü öldürsün, adam içinə çıxa bilməsin”.
Üzərinə qışqırdığım uşaqların valideynlərindən, məktəbdən üzrxahlıq etdim. 2 aydır nələr çəkirəm, bir Allah bilir.
Mənim öz xəcalətim özümə bəsdir. Üzərinə qışqırdığım uşağın evinə getdim, üzrxahlıq etdim. Gərək elə qışqırmazdım. Ancaq həmin ərəfədə uşaqlar məni o həddə çatdırmışdı. Yenə də özümə haqq qazandırmıram”.
Nargilə Nəsirova qeyd edib ki, noyabrın 23-də şiddətli töhmət alıb:
“Söz verdim ki, bir də belə bir hadisə olmayacaq. 2 aydan sonra o valideynin digər valideynlərlə də problemi çıxdı. Mənə şikayətə gəldilər, onlara dedim ki, özünüz seçmisiniz. Sonradan bu video yayıldı. Valideynlər də bilir ki, mən necə insanam. Sözügedən video yayılandan sonra ikinci dəfə izahatımı aldılar, bu gün də iclas olacaq”.
O, iki gün öncə bir uşağın burnunu qanatması ilə bağlı iddialara isə belə cavab verib:
“Elə bir hadisə olmayıb. Bunlar boş söhbətlərdir. Belə bir hadisə olsaydı, mənim sinfimdə uşaq qalmazdı”.
AzVision.az