Səhnəmizin "Ərəbzəngi"si haradadır: "Ayaqlarım şişib, tromb damarlarımı tutub"

  Səhnəmizin "Ərəbzəngi"si haradadır: "Ayaqlarım şişib, tromb damarlarımı tutub"
  05 Fevral 2024    Oxunub:4818
AzVision.az-ın növbəti həmsöhbəti "Şah İsmayıl" operasında bir zamanlar Ərəbzəngi obrazını yaradan, oxuduğu muğam və xalq mahnılarımız ilə ürəklərə yol tapan Əməkdar artist Sahibə Əhmədovadır . 68 yaşlı opera müğənnimiz illərdir ki, səhnələrdən uzaq düşüb.
Saytımızın əməkdaşı onun hazırda harada olması və nə işlə məşğul olması ilə maraqlanıb.

Muğam ifaçısı 4 ilə yaxındır ki, xərçəng xəstəliyi ilə mübarizə apardığını deyib.
- Sinə xərçəngindən əziyyət çəkirəm. Ayaqlarım şişib, tromb damarlarımı tutub, hərəkət edə bilmirəm. Vaxtında müalicə üçün maddi imkanım olmadı. Uzun müddət kimyaterapiya müalicələri aldım. Mənə deyiblər ki, əməliyyat olunmalıyam və hər iki sinəm götürülməlidir. İndi gəlinim mənə qulluq edir. Övladlarımın da maaşı azdır, müalicə və əməliyyat üçün isə kifayət qədər yüksək məblədə pul lazımdır.

İndi başımı qatmaqla məşğulam. Telefonda yutubu izləyirəm, türkiyəli qızılaxtaranların verlişlərinə baxıram. Oğlum sosial şəbəkələrdə adıma səhifələr açıb, ora girirəm.

- Həm xarici görnüşünüz, həm də səsiniz yaxşı mənada əzəmətlidir. Bu baxımdan kimə bənzəmisiniz?
- Atama daha çox bənzəyirəm. Atamın da, anamın da səsi var idi.

- Muğam ifalarınız yutuba yerləşdirilib. Hərdən keçmişə qayıdıb özünüzü dinləyirsinizmi? Məsələn, mən sonuncu dəfə sizin“Qatar” və “Arazbarı” muğamlarınızı dinlədim. Möhtəşəmdir.
- Qulaq asıram, amma ağlamaq məni tutur. Çünki mənə qiymət vermədilər. Əməkdar artist adında qaldım. Camaat Prezident təqaüdü alır. Ancaq mən heç nəyə yararlı çıxmadım. Ömrümün 40 ilini sənətə həsr etdim. Ayaqlarımda tromb ola-ola, xəstə-xəstə səhnəyə çıxdım. Amma qiymət verən olmadı.



Gəncliyimi tez-tez xatırlayıram. Səsimin gur vaxtları idi. Canlı muğam oxuyurdum. O vaxtı lent çatışmırdı. Yenisini çəkmək üçün gərək köhnə ifanın çəkilişi silinərdi. Buna görə də oxuduqlarımın çoxusu arxivləşdirilmədi. “Mirzə Hüseyn” segahını heç kim mənim kimi oxuya bilməmişdi. Onun səs yazısı rəhmətlik müğənnimiz Məhəbbət Kazımovun dayısında var idi. Əlaqəmiz kəsildi deyə götürə bilmədim. Rəhmətlik müğənnni Şəfada mənim çoxlu kasetlərim var idi, yığmışdı. Rəhmətə gedəndən sonra o da itib batdı.

-Səhnədən neçə yaşınızda ayrıldınız? Eşitdiyimə görə, həyat yoldaşınız sizi səhnədən ayırıb və sonrakı həyatınızı 3 övladınızın böyüdülməsinə həsr etmisiniz.
-Yalan söhbətdir. 59 yaşımda səhhətimlə əlaqədar səhnədən ayrıldım. Bizim aramızda qısqanclıq olmayıb. 27 yaşımda evlənmişik. Mən o zaman artıq səhnədə idim. Əksinə özünün də səsi var idi və bu sənətə gəlmək istəyirdi. Ancaq səsini zədələmişdi, zildən oxuya bilməyəcəkdi.
Mənimlə eyni səhnəni paylaşan sənət yoldaşlarıımın hamısı rəhmətə gedib. Canəli ilə “Şah İsmayıl” operasında eyni səhnəni paylaşmışdıq.



- Sonralar onunla əlaqə saxlayırdınızmı?

- Əlaqəm yox idi, sənət rəqabətdir. Ona görə də can deyib, can eşidən olmamışıq.

- Müğənnilərimiz Gülyaz Məmmədova ilə Gülüstan Əliyevanın yolunu gözləyirsiniz. Müsahibələrinizdən birində demişdiniz ki, sizə baş çəkməyə söz veriblər, amma hələ də gəlməyiblər.
-Onları da qınamıram. İşləri çoxdur. Heç kimdən incimirəm. Ürəkləri nə zaman istəsə gələ bilərlər.

- Xan Şuşinskini görmək sizə qismət olub. Sənətə yeni başlayanda sizi imtahan edənlərdən biri də Xan əmi idi.
- O zaman şəhərə təzə gəlmişdim. Məni Azərbaycan Dövlət Akademik Filarmoniyasına apardılar. Xan əmi və bir neçə müğənni oturmuşdu. Xan əmi dedi: “Ay qızım, nə oxuya bilərsən? “Şahnaz”ı ifa edə bilərsən?”. Dedim, bəli. Həmin vaxt 3 dondurma yemişdim, boğazım ağrıyırdı. Amma necə lazımdırsa oxudum. Dedi, üzərində çalışsan, səndən gözəl xanəndə olacaq. Heç vaxt bu səhnə yadımdan çıxmır. Zeynəb Xanlarovanı ilk dəfə orada gördüm. Zeynəb Xanlarova və Arif Babayev ilə bir səhnədə çıxış edəcəm deyə o qədər sevinirdim ki. Hətta arzum idi ki, birgə çıxış edim və o anda səhnədə ölüm.



-Çox güclü səsiniz var. Övladlarınızda və ya nəvələrinizdə bu istedadı görmüsünüz?
-Yox.

- İndi özünüz üçün zümzümə edəndə nə oxuyursunuz?
- Türk mahnıları oxumağı xoşlayıram. Daha sonra “Xatırla məni”, “Ana” mahnısını zümüzümə edirəm. Anam bu dünyadan vaxtsız, Qarabağ deyə-deyə köçdü.



Qeyd edək ki, Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən “Rast” ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin “Şah İsmayıl” operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da “Səhnəmizin Ərəbzəngisi” adını qazanıb.



Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış edib. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leylinin anası, Məcnunun anası, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Qəribin anası, Ş.Axundovanın “Gəlin qayası” operasında Camalın anası, R.Mustafayevin “Vaqif” operasında qarı və s. obrazları müvəffəqiyyətlə ifa edib. Operanın nəzdində respublikamızın hüdudlarından kənarda Rusiya, Bolqarıstan, Türkiyə kimi bir çox ölkələrdə qastrol səfərlərində olub. Həmçinin Sahibə xanım M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olaraq bir çox dövlət səviyyəli tədbirlərin və konsert proqramlarının iştirakçısı olub. Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə xanımın ifasında “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Segah”, “Orta Mahur”, “Mahur-hindi”, “Rahab”, “Bayatı-kürd”, “Qatar”, “Şahnaz” muğam dəstgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi-Şəms” kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır. O cümlədən, Sahibə xanım “Uca dağlar”, “Ahu kimi”, “Alma almaya bənzər”, “Dağlardan aşdım” və s. xalq mahnılarını böyük şövqlə ifa edib. Uzun illər göstərdiyi fəaliyyətin nəticəsi olaraq bir çox diplom və fəxri fərmanlarla təltif olunub. 16 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüb. 3 övladı var




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti