Yerdə orta temperatur 1,7 dərəcə artıb

  Yerdə orta temperatur 1,7 dərəcə artıb
  06 Fevral 2024    Oxunub:1717
Avstraliya və Amerika okeanoloqları qədim dəniz süngərlərinin tədqiqi nəticəsində ilk kimyəvi sübut əldə ediblər ki, 1860-cı illərin ortalarından bəri Yer kürəsində orta temperatur 1,7 dərəcə Selsi artıb. Bu da BMT ekspertlərinin hazırkı hesablamalarından nəzərəçarpacaq dərəcədə yüksəkdir.
AzVision.az xəbər verir ki, alimlərin tədqiqatları "Nature Climate Change" jurnalında dərc olunub.

"Aldığımız təxminlər İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin son vaxtlar əldə etdiyi dəyərlərdən demək olar ki, yarım dərəcə yüksəkdir. Bu, çox böyük həddir və göstərir ki, biz 2010-2012-ci illərdə Paris iqlim sazişində müəyyən edilmiş 1,5 dərəcə Selsi həddi çoxdan aşmışıq”, - deyə Qərbi Avstraliya Universitetinin professoru Malkolm Makkalok (Krouli) bildirib.

Professor MakKullok və digər alimlər Karib dənizinin dibində dayaz ərazilərdə rast gəlinən "Ceratoporella nicholsoni" növünün uzunömürlü süngərlərinin əhəngli qabıqlarını tədqiq edərkən bu qənaətə gəliblər. Alimlər qeyd ediblər ki, bu mineral "qabığın" müxtəlif təbəqələrində stronsiumun nisbəti süngərlərin böyüdüyü temperaturdan çox asılıdır.

Bu ideya əsasında alimlər Puerto-Riko və Santa-Kruz adalarının sahillərində qədim və nisbətən müasir süngər nümunələrini toplayıb, onların yaşını təyin ediblər və əhəngli qabıqların müxtəlif təbəqələrində stronsiumun nisbətini ölçüblər. Bu, Karib dənizində temperaturun 1700-dən 2020-ci ilə qədər necə dəyişdiyini öyrənməyə, eyni zamanda eyni vaxt ərzində Yer kürəsində orta temperaturu müəyyən etməyə imkan verib.

Alimlərin fikrincə temperatur artımının təxminən 0,3 dərəcəsi 1860-1900-cü illər arasında, eyni miqdarı 20-ci əsrin birinci yarısında, qalan 1,1 dərəcə isə ötən əsrin sonu və 21-ci əsrin əvvəllərində baş verib.

Bütün bunlar, okeanoloqların qeyd etdiyi kimi, bəşəriyyətin Paris razılaşmasının əsas məqsədlərindən birini - qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamağı artıq yerinə yetirə bilməyəcəyini deməyə əsas verir. Eyni zamanda, professor MakKullok və digər okeanoloqlar bu onilliyin sonunda Yerdəki orta temperaturun sənayedən əvvəlki dəyərlərdən iki dərəcə Selsi yuxarı qalxacağını proqnozlaşdırırlar. Tədqiqatçıların fikrincə, bu, Paris razılaşmasının mümkünlüyünü bir daha sual altına qoyur.

Qlobal istiləşmə haqqında

Demək olar ki, bütün iqlimşünaslar qlobal istiləşmənin mövcud olduğuna və yüksələn temperaturun Selsi üzrə 1,5 dərəcəyə qədər saxlanıla bilməyəcəyi təqdirdə planetin simasını kökündən dəyişəcəyinə şübhə etmirlər. Bunu təkcə planetin iqliminin yüzlərlə kompüter modelləri deyil, həm də müxtəlif iqlim peykləri, quru meteoroloji stansiyaları və minlərlə ölçmələr sübut edir.

Bu proses, alimlərin güman etdiyi kimi, Qrenlandiya və Arktika buzlaqlarının, eləcə də Antarktidanın ən həssas buz kütlələrinin əriməsi səbəbindən qlobal dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. BMT-nin hazırkı proqnozlarına görə, istixana qazları emissiyaları indiki sürətlə artmağa davam edərsə, bu əsrin sonuna qədər dəniz səviyyəsi təxminən 30-50 sm artacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti