"Dedi, burada qalsan, çürüyəcəksən, get" - Şəmistan Əlizamanlı (Müsahibə)

   "Dedi, burada qalsan, çürüyəcəksən, get" -    Şəmistan Əlizamanlı (Müsahibə)
  08 Fevral 2024    Oxunub:4542
AzVision.az -ın əməkdaşı məşhur hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə söhbətləşib. Bir neçə gün bundan öncə doğum gününü qeyd edən ifaçı söhbətə yeni yaşından danışmaqla başlayıb:
- Fevralın 4-ü 66 yaşım oldu. Öz-özümə dedim ki, 65 il nə tez keçdi. Sanki, illər göz qırpımında quş tək uçdu. Mənə elə gəlir ki, görəcəyim işlər hələ qabaqdadır. Ruhən çox gəncəm. Yaradıcılıqla bağlı planlarım var.

Xoşbəxt o kəsdir ki, onda həyat eşqi güclüdür. O, insanı ruhən qocalmağa qoymur. İnsan son nəfəsinə qədər yaşayıb yaratmalıdır və ruhdan düşməməlidir.

-Ruhdan düşməmək üçün nə edirsiniz? Bununla bağlı hansısa bir prinsipiallığınız, nizam-intizamınız, qaydanız var?
- Mən nizam-intizamı çox sevirəm. Səliqəli insanam. İdmanla məşğul oluram, çalışıram ki, piyada gəzim. İnsan özü-özünü müsbət enerji ilə kökləməlidir. Öz əlindədir.

- Dediniz ki, ruhunuz gəncdir. Xarici görkəmcə də çox dəyişməmisiniz. Açığı sizə 66 yaş vermərəm.
- Burada gen məsələsi rol oynayır. Atam da belə idi. Həyat eşqi çox yüksək idi. İnsanın gərək qəlbi təmiz, ürəyi açıq olsun. Paxıllıq etməsin. Müsbət ideallar uğrunda mübarizə aparsın. O zaman gənc görünəcək.



- Səsinizin və xarici görnüşünüzün əzəməti var. Bu baxımdan kimə bənzəmisiniz?
-Xarakterim bütünlüklə atama bənzəyir. Uşaq vaxtı çox dəcəl, nadinc biri idim. Bununla belə, ailədə, qohumlar arasında sevimli uşaq olmuşam. Valideynlərim həmişə məni əzizləyib və müstəqil böyüdüblər. 5 yaşımda birinci sinifə getmişəm və 15 yaşımda məktəbi bitirmişəm. Atam da mənə istiqamət verib, Bakıya gətirib. Yəni, nə istəmişəmsə onu edib. Dünyagörüşümün formalaşmasında, şəhər mühitinə alışmağımda atamın xidmətləri var. Çox uzaq görən adam idi. Mənə deyirdi ki, "kənddə qalma, sən kəndə sığışmırsan. Burada qalsan, çürüyəcəksən. Ya Moskvaya, ya Tiflisə, ya da Bakıya get".

10-cu sinifi bitərəndən sonra Bakıya gətirdi. Texiki Peşə Məktəbinə qəbul olundum və oxudum.



-Bir neçə il öncə çox aktiv idiniz. Hətta Türkiyənin ən reytinqli tarixi seriallarından olan “Diriliş Ertuğrul”da da rol almışdınız. "Allah Türkə yar olsun!”, "Zafer Bismillah" vəs. mahnıları oxudunuz. İndi nə işlə məşğulsunuz?

-"Diriliş Ertoğrul"un 4 bölümünə çəkildim. Hazırda təqaüddəyəm, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin rəhbəriyəm. Qəhrəmanlarımız haqqında bir neçə sənədli filmlər çəkmişik. Konsert yaradıcılığım davam edir.

2015-ci ildən 2020-ci ilə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət ilə birlikdə "Vətənin müdafiəsinə hazıram" adlı bölgələrimizdə silsilə geniş tədbirlər keçirmişik. Orada konsertlər vermişəm. Çünki gənclərimiz vətənpərvər böyüdülməli və torpaqlarımızın işğal altında qalmasına razı olmamalı idi. Vətəni bütöv etmək lazım idi.

- Ayrıca solo konsert vermək fikriniz var?
- Ola bilər, baxarıq.

- "İgid əsgər" mahnısnın müəllifi olan həkim Şahin Musaoğlu ilə əlaqəniz varmı? Yenidən birgə iş ortaya qoymaq istəmirsiniz?
- Birgə yardıcılığımız yoxdur. O vaxt işlədik, bununla da bitdi.



- Türkiyənin mərhum müğənnisi Kayahanın "Bir aşk hikayesi" mahnısını oxudunuz. Bu qəbildən daha hansı mahnıları ifa etmək istərdiniz?

-Onu elə belə oxumuşdum. Bəzi mahnılar var ki, özüm üçün zümzümə edirəm. Kayahan yaradıcılığını sevirəm, ifamı onun xatirəsinə həsr etmişdim. Həmin mahnını repertuarımın ciddi bir uğuru saymıram.

- Övladlarınızdan yolunuzu davam etdirən varmı?
-Bir oğlum, bir qızım var. Ancaq onların yolu başqadır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti