Çörçilin diş protezləri 22,7 min dollara satıldı

   Çörçilin diş protezləri 22,7 min dollara satıldı
  08 Fevral 2024    Oxunub:1439
İngiltərənin keçmiş baş naziri Vinston Çörçilə məxsus diş protezi hərraca çıxarılan kimi satılıb.
AzVision.az "Sky News"a istinadən xəbər verir ki, qızıl bağlamalı protez "The Cotswold" auksion şirkətinin hərrac evində 18 min funt sterlinq və ya 22,7 min dollara satılıb. Yekun qiymət hərracdan əvvəlkindən təxmindən iki dəfə çox olub.

Protezləri bu qədər qiymətli edən Çörçilin onların köməyi ilə 1940-cı ildə “Biz çimərliklərdə döyüşəcəyik” çıxışını etməsidir. Bu, keçmiş baş nazirin parlamentdəki ikinci çıxışı və Böyük Britaniyanın İkinci Dünya Müharibəsinə girməsinin əlaməti idi.

Vinston Çörçil həyatı boyunca diş problemlərindən əziyyət çəkib. O, artıq 20 yaşlarında bir sıra dişlərini itirmişdi. Stomatoloq Vilfred Fiş onun nitqinin təbii səslənməsi üçün protezlər düzəldib. Siyasətçinin özü diş protezlərinə çox önəm verdiyindən daim ikisini yanında aparırdı. Böyük Britaniyanın keçmiş baş naziri üçün ümumilikdə üç-dörd cüt eyni protez hazırlanıb. Vinston Çörçill onlardan bir cütü ilə birlikdə dəfn edilib.

Lot təsvirində göstərilirdi ki, protez Vinston Çörçill üçün ən mühüm fizioloji və psixoloji dəstək rolunu oynayıb. Protezlər ona aydın danışmağa imkan verib ki, bu da hər bir siyasətçi üçün həyati keyfiyyətdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti