Azərbaycan səfiri etimadnaməsini Surinam Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Surinam Prezidentinə təqdim edib
  21 Fevral 2024    Oxunub:734
Səfir Rəşad Novruz etimadnaməsini Surinamın Prezidentinə təqdim edib.
AzVision.az ölkəmizin Surinamdakı səfirliyinə istinadən xəbər verir ki, Rəşad Novruz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim etmək məqsədilə Paramariboya səfər edib.

Azərbaycanın Respublikasının iqamətgahi Braziliya şəhərində olmaqla, dövlətimizin Surinamdakı səfiri Rəşad Novruz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edilməsi məqsədilə 19-21 fevral tarixlərində Paramariboya səfər edib.

20 fevral tarixində Prezident Sarayında müvafiq qarovul və digər rəsmi protokol qaydaları ilə səfirimizin etimadnaməsinin qəbulu mərasimi təşkil edilib. Surinamın hərbi orkestri dövlət himnimizi ifa edib. Görüşdə ölkə başçısı Çandrikapersad Santoxi ikitərəfli əlaqələrin inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və siyasi, humanitar, iqtisadi, ərzaq təhlükəsizliyi, neft - qaz sahələrində əməkdaşlıq potensialının yeni səviyyəyə qaldırılmaq, çoxtərəfli diplomatik təmas və qarşılıqlı dəstək razılıqlarının sayını artırmaq arzusunu vurğulayıb. O, Azərbaycan Respublikası Prezidentinin yenidən seçilməsi və ökləmizin COP29 ev sahibliyinə yiyələnməsi münasibətilə təbrik sözlərini bildirib, səmimi salam və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Səfir R. Novruz Prezident İlham Əliyevin salamlarını Surinamın ölkə rəhbərliyinə çatdırıb. Görüşdə ölkələrimiz arasında mövcud ikitərəfli və çoxtərəfli müstəvidə, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər məmnunluqla qeyd edilib, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində səfir Rəşad Novruz həmçinin Surinamın xarici işlər naziri və bir neçə digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında qarşılıqlı maraq doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılmış, mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, hazırda Surinam neft bumu yaşayır və müxtəlif ölkələrdən, o cümlədən ABŞ, Çin və Avropadan xarici sərmayələri cəlb edir. Ölkə, dağ-mədən sənayesi ilə yanaṣı kənd təsərrüfatı sahəsini də inkişaf etdirir. Ölkə Hollandiyanın müstəmləkəsi, daha sonra isə Niderland Krallığının tərkibində muxtar ölkə olub. 1975-ci ildə tam müstəqilliyini qazanıb. Əhalisinin yalnız 13 faizinin müsəlman olduğuna baxmayaraq, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.

AzVision.az



Teqlər:





Xəbər lenti