Makronun açıqlamaları Kiyevin durumunu daha da pisləşdirdi - "Politico"

   Makronun açıqlamaları Kiyevin durumunu daha da pisləşdirdi    - "Politico"
  01 Mart 2024    Oxunub:841
Emmanuel Makronun NATO və Avropa İttifaqı (Aİ) ölkələrinin qoşunların Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı açıqlamaları Kiyevdə vəziyyəti daha da pisləşdirib.
Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir.

Nəşr xatırladıb ki, Makronun siyasi karyerasında hər hansı bir bəyanatı səsləndirəndən sonra geri çəkilmək halları dəfələrlə olub.

Bununla belə, onun Ukraynaya NATO qoşunlarının göndərilməsindən danışması Fransa liderinin tərəfdaşlarının, eləcə də Ukraynadakı hadisələrdən getdikcə daha çox narahat olan Avropa ictimaiyyətinin anlaşılmazlığına səbəb olub.

Putinin açıqlamaları Almaniyada təşvişə səbəb olub - “Die Welt”
Qəzet yazır ki, hazırda qeyri-müəyyən vəziyyət yaranıb. Kiyevə dəstəyi davam etdirmək istiqamətində "bütün Avropa liderlərini razı salmaq üçün kollektiv güc tələb olunacaq". Ukraynaya qoşun yeritmək ideyasını təbliğ etmək cəhdləri isə yalnız dəstəkdən imtina riskini artırır.

Məqalə müəllifi belə qənaətə gəlib ki, Kiyev ciddi əks-hücum əməliyyatları üçün çətin duruma düşüb. Çünki mövcud siyasi-diplomatik gedişlər Ukraynanı daha güclü hərbi personal və sursat ehtiyatı yaratmaqda geri atıb: "Ukraynaya ancaq gözləmək qalır. Kiyevdə bəlkə gələn il vəziyyətin dəyişəcəyinə ümid edirlər".

Qeyd edək ki, bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O, Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Paris konfransında qoşunların Ukraynaya göndərilməsi müzakirə olunsa da, avropalı liderlər bu mövzuda konsensus əldə etməyiblər.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri olub.

Rusiya prezidenti Vladimir Putin isə dünən fransalı həmkarının bəyanatlarına sərt reaksiya göstərib. O, Federal Məclisə müraciətində Makronun "Ukraynaya Qərb qoşunları göndərilə bilər" bəyanatına tarixi yada salmaqla cavab verib: "Qərbdə NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi imkanından danışırlar. Vaxtilə öz kontingentini bizim ərazilərə göndərənlərin taleyini xatırlayırıq. Amma indi mümkün müdaxilələrin nəticələri daha faciəli olacaq”.

AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Makron  





Xəbər lenti