Cehiz neçəyə başa gəlir – QİYMƏTLƏR

Cehiz neçəyə başa gəlir – QİYMƏTLƏR
  14 Fevral 2013    Oxunub:15549
- Qızım, səni ərə verim...
- Ver, dədə qurbanın olum.

Bəs görəsən bu, dədəyə neçəyə başa gəlir?
Oğul evləndirmək, qız köçürmək, balalarını yerbəyer eləmək bütün valideynlərin arzusudur. Bizdə insanlar bir-birlərini toyda, vayda görəndə “balanın toyunda yığışaq” deyirlər və ya “qızı verməmisən?”, “gəlin gətirməmisən?” deyə suallar verirlər. Bəlkə bura yeganə məmləkətdir ki, valideynlər övladlarını yerbəyer etməkdən ötrü bütün əzablardan keçirlər, yetər ki, övladları xoşbəxt olsun.
İndi isə keçək məsələnin maddi tərəfinə. Görəsən, müasir dövrdə bir qız köçürmək neçəyə başa gəlir?
Ümumiyyətlə, “qızını ərə verən evin vay halına...” deyirlər. Bu gün qızın ailə qurması üçün çəkilən xərc oğlan evinin xərcindən heç də az başa gəlmir. Oğlan evi toyu qonaqların yazdırdıqları pul hesabına qismən qarşılasa da, qız evi borc-xərc demir, olan-olmaz pulunun hamısını əşyaya çevirib cehiz verir. Bəziləri hətta illərlə ödəyəcəkləri borcun altına girirlər ki, qızı “yad evdə” diligödək olmasın.
Qızını yaxşı cehizlə yola salmaq istəyirsənsə, orta hesabla təxminən 9-10 min manata yaxın pul xərcləməli olacaqsan. Daha detallı desək, mebel üçün orta hesabla təxminən 5 min manat tələb olunur. Digər qiymətlər isə belədir:

- Yataq mebeli - 1000-1500 manat
- Mətbəx mebeli - 1000-1200 manat,
- Qonaq otağı üçün mebel masa və stulları ilə birgə - 1500 manat
- Yumşaq mebel - 900-1500 manat.


Qeyd edək ki, bu qiymətlər Azərbaycan istehsalı olan mebellər üçündür.
Əlbəttə ki, xarici istehsala üstünlük verənlər daha çox xərc çəkməli olacaqlar.
Digər avadanlıqlara və məhsullara isə orta hesabla təxminən 3-4 min manat tələb olunur. Belə ki:

Paltaryuyan - 400-600 manat
Qabyuyan - 350-700 manat
Soyuducu - 500-1000 manat
Qaz sobası - 200-700 manat
Televizor - 300-400 manat
Çılçıraq - 200 manat
Pərdə - 100-200 manat
Ütü - 30 manat
Tozsoran - 100-200 manat
Ət çəkən maşın - 50 manat
Şirəçəkən - 50 manat
Blender – 30-50 manat
Xalça - 100-150 manat
Qab-qacaq üçün - 1000 manat vəsait tələb olunur.

Qeyd edək ki, bunlar hələ hamısı deyil. Bunlar yalnız cehizin olmazlarıdır. Yəni, bu cehiz siyahısını artırdıqca, keyfiyyəti yüksəltdikcə, çəkəcəyiniz xərc də artır.
Hazırda orta aylıq əmək haqqının 410 manatdan çox olmadığını nəzərə alsaq, cehizin alınmasının nə qədər əzablı olduğunu görmək elə də çətin deyil.
Ötən ildə rəsmi dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alındığını və hər qızın cehizinə orta hesabla 8-9 min manat xərcləndiyini nəzərə alsaq, məlum olur ki, ildə cehizə ümumilikdə orta hesabla təxminən 700-800 mln. manat xərc çəkilir.
Atalarımız yaxşı deyib: “Qız yükü, duz yüküdür”. Yazıq qız, doğulursan bir peşmanlıq, ərə gedirsən başqa bir peşmanlıq. Hələ heç bilmirsən ki, seçdiyin oğlan səni xoşbəxt edəcək, ya yox?! Unutmayaq ki, verilən cehiz, bahalı avadanlıq ailənin güclü təməli deyil. Əsas odur ki, ailə sağlam, möhkəm və xoşbəxt olsun.
Düşünürəm ki, bəlkə günün birində bu dəm-dəsgaha son vermək lazımdır. İlk əvvəl özümüz inanmalıyıq ki, xoşbəxtlik cer-cehizə baxmır, o yalnız ağıllı və onu idarə edə bilən insanlara verilir. Çalışaq ki, bizi cehiz yükü üstələməsin. Çünki, çəkəcəyimiz daha başqa və ağır yüklər var.

Səbinə Dəniz


Teqlər:  





Xəbər lenti