Günəşdə partlayışlar dünyanı işıqsız qoya bilərmi?

   Günəşdə partlayışlar dünyanı işıqsız qoya bilərmi?
  05 Mart 2024    Oxunub:858
Günəşdə aktivliyinin və öz növbəsində, Yer kürəsində zərərli radiasiyanın, geomaqnit qasırğaların getdikcə artması enerji təchizatı ilə bağlı kütləvi problemlər yarada bilər. Bu baş verərsə, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş elektron cihazlar metal yığınına çevriləcək...
AzVision.az xəbər verir ki, bu barədə məşhur "El Pais" jurnalının əməkdaşı Daniel Mediavilya elmi-publisistik araşdırmasında vurğulayıb.

Onun sözlərinə görə, 2024-cü ildə günəş özünün pik həddinə çatacaq. Bu o deməkdir ki, Yerin orbitindəki peyklər sıradan çıxa, hətta planetimizin enerji sistemi ciddi təhlükə ilə üzləşə bilər.

"Planetimizə yaxınlaşan geomaqnit qasırğa bizi keçmişə - Orta əsrlərə qaytara bilər", - araşdırmaçı jurnalist diqqətə çatdırıb.

(Elm sahəsində çalışan ispaniyalı jurnalist Daniel Mediavilya)

Hazırda mütəxəssislər Günəşdə meydana gələn partlayışları izləyir və yaxın gələcəkdəki nəticələri ilə bağlı proqnozlar irəli sürürlər. Hərçənd nəticəyə təsir göstərən amillərin çoxluğu səbəbi ilə uzaq gələcəklə bağlı konkret proqnoz bildirmək müşkül görünür.

Geomaqnit qasırğalar ötən əsrlərdə də Yer kürəsində infrastruktura ziyan vurub. 1859-cu ildə baş verən və "Kerrinqton hadisəsi" adlanan geomaqnit qasırğa nəticəsində minlərlə kilometr teleqraf xətti sıradan çıxmışdı.

Başqa bir fakta əsasən, 1989-cu ildə Kanadanın Kvebek əyalətində əmələ gələn geomaqnit qasırğa ucbatından elektrik enerjisinin kəsilməsi 6 milyon insanı 12 saat işıqsız qoymuş, Kanada birjası da bu hadisədə ciddi maliyyə itkilərinə məruz qalmışdı.

(Yaponiyalı astrofizik Fusa Miyake)

2012-ci ildə isə yapon astrofiziki Fusa Miyake Yaponiya, Avropa, Amerika və Yeni Zelandiyadadakı ağaclarda radiokarbon qabarcıqları və buz üzərində berillium miqdarının artdığını üzə çıxarıb ki, bu, planetə xeyli sayda kosmik hissəciklər buraxan geomaqnit qasırğalar, günəşdən qaynaqlanan radiasiya ilə birbaşa əlaqəlidir. Sözügedən qasırğanın əlamətlərinin Yer üzündə çoxalması bəşəriyyət üçün dağıdıcı potensiala malikdir...

Mütəxəssislər gözlənilən təhlükənin qarşısını almaq naminə insanları elektron cihazlardan istifadəni bacardıqca azaltmağa çağırırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Günəş   Yer-kürəsi   geomaqnit-qasırğa   radiasiya  





Xəbər lenti