"Qarabağ" yenidən təəccübləndirməyə hazırdır - UEFA

"Qarabağ" yenidən təəccübləndirməyə hazırdır -    UEFA
  12 Mart 2024    Oxunub:879
UEFA-nın rəsmi saytı Avropa Liqasının 1/8 final mərhələsinin martın 14-də keçiriləcək cavab görüşləri ilə bağlı yazı hazırlayıb.
AzVision.az xəbər verir ki, yazıda "Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) matçına da (2:2) yer verilib.

"Qarabağ" yenidən təəccübləndirməyə hazırdır" yarımbaşlıqlı hissədə əvvəlcə "Bayer"in baş məşqçisi Xabi Alonsonun "Qarabağ"la bağlı fikirlərinə yer verilib. İspan mütəxəssis deyib: "Ad çəkmək istəmirəm. Amma bu komandanın heyətində elə oyunçular var ki, TOP liqalarda çıxış etməyə qadirdirlər".

Yazı müəllifi daha sonra qeyd edir: "Onunla (Alonso ilə) mübahisə etmək çətindir. Bakıdakı matçın 91 dəqiqəsində meydan sahibləri əla futbol nümayiş etdirdilər və "Bayer"ə bu mövsüm məğlubiyyət yaşadan ilk komanda olmağa çox yaxın idilər. Leverkuzenlilər yalnız əlavə olunmuş ikinci dəqiqədə Patrik Şikin qolu sayəsində məğlubiyyətdən qaça bildilər".

Qeyd edilir ki, "Qarabağ"ın bu oyunu bir daha təsdiq etdi ki, komanda son 16 ildə Qurban Qurbanovun rəhbərliyi altında sabit şəkildə inkişaf edir: "Alonso həmçinin Azərbaycan klubunun 2017/18 mövsüm Çempionlar Liqasında "Atletiko" ilə heç-heçələrini yada saldı. Əgər "Qarabağ" əvvəllər ən yaxşı oyunlarını doğma divarlar arasında keçirirdisə, indi rəqib meydanında da daha inamlı çıxış edir".

"Komandanı elə hazırlayacağam ki, Almaniyada daha yaxşı oynasın. Mənə inanın", - deyə yazının "Bayer" - "Qarabağ" matçı ilə bağlı hissəsinə Q.Qurbanovun fikirləri ilə yekun vurulub.

Xatırladaq ki, "Bayer" - "Qarabağ" görüşü martın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə gecə 00:00-da) başlanacaq.
AzVision.az


Teqlər:





Xəbər lenti