Paşinyan eks-müdafiə naziri ilə vatsap yazışmalarını yaydı - Fotolar

 Paşinyan eks-müdafiə naziri ilə vatsap yazışmalarını yaydı -    Fotolar
  13 Mart 2024    Oxunub:1318
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyana cavab verib. TikTok sosial şəbəkəsində Paşinyanın 2021-ci il noyabrın 14-də Karapetyanla Whatsapp vasitəsilə yazışmalarının qısa videosu yayılıb.
Videoya əsasən, 2021-ci il noyabrın 14-də səhər saat 09:38-də Karapetyan baş nazirə sərhəddə hər şeyin qaydasında olması ilə bağlı səsli mesaj göndərib. Saat 16:12-də isə Paşinyan nazirə mesaj yazaraq harada olduğunu soruşub. Ancaq nazir Paşinyanın sualını cavabsız qoyub.

Yarım saatdan sonra baş nazir yenə Karapetyana yazıb və məsuliyyətsiz münasibətinə görə onu danlayıb, aydınlaşdırma tələb edib.

“Ciddi söhbətimiz olmalıdır”, “Siz ictimaiyyət qarşısında bir bəyanat verməlisiniz. Nə baş verir?”, - deyə Paşinyan mesajında yazıb.

Daha əvvəl mətbuat konfransında Paşinyan bildirib ki, 2021-ci il noyabrın 14-də Karapetyan ona hücum barədə məlumat verməli idi, lakin bunu etməyib.

“Mən onu nazir vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldim. Səbəbin nə olduğunu bilmək istəyirsiniz? 2021-ci il noyabrın 14-də səhər saatlarında o, mənə bildirdi ki, sərhəddə hər şey qaydasındadır, halbuki, o, məlumat verən zaman Azərbaycan qoşunları artıq sərhəddə mövqelər tutmuşdular.

Onun Müdafiə naziri kimi ya bundan xəbəri olmayıb, ya da xəbəri olub, məlumat verməyib. Belə bir vəziyyətdə mən bu cür insanların vəzifədə olmasına yarım saat da dözmərəm".

Karapetyan Paşinyana cavabında 2021-ci il noyabrın 14-də Dubayda olduğunu və orada çox mühüm görüşdə iştirak etdiyini deyib.

"Nazir olmayanda cəbhədəki vəziyyət barədə nazirin səlahiyyətlərini müvəqqəti icra edən şəxs bildirməli idi",- o deyib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti