"Yaşıl iqtisadiyyat yeni standartların hazırlanmasını təşviq edir"

 "Yaşıl iqtisadiyyat yeni standartların hazırlanmasını təşviq edir"
  14 Mart 2024    Oxunub:792
"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq istehlakçıların məlumat almaq hüququnun pozulması hallarında müvafiq şöbə tərəfindən pozuntuya yol verən şəxslər barəsində mütəmadi olaraq inzibati qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilir".
AzVision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumfa çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizdə yaşıl enerji çevrilmələri, bərpaolunan enerji potensialı, külək və günəş enerji mənbələrindən istifadə mühüm əhəmiyyət kəsb edir:

"Məhz bu istiqamətlərdə, həmçinin istehsal proseslərində, sənaye, ticarət, səhiyyə, ekologiyanın mühafizəsi, energetika sahələrində texniki maneələrin aradan qaldırılması nəticəsində istehlakçıarın hüquqlarının qorunması üçün keyfiyyət infrastrukturunun düzgün yerinə yetirilməsinin, metrologiya və standartlaşdırmanın əhəmiyyəti böyükdür".

O bildirib ki, standartlar həyatımızın bütün sahələrində mövcuddur və fəaliyyətimizi asanlaşdırmaq, təşkilatların müvafiq qanun və qaydalara əməl etməsini təmin etmək, innovativ məhsulların bazara daxil olmasını sürətləndirmək və bir-biri ilə uyğunluğu təmin etmək üçün qlobal iqtisadiyyatda mühüm rol oynayır:

"Xüsusilə yaşıl iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir və ölkənin gələcək inkişafında böyük rol oynayırlar. Eyni zamanda standartlar qabaqcıl təcrübənin və mütərəqqi üsulların geniş yayılmasına da imkan yaradır.

Son illər Azərbaycanda “yaşıl iqtisadiyyat” istiqamətində məhsul və xidmətlər bazarının sürətli inkişafı və bu sahədə rəqabətin kəskinləşməsi keyfiyyətin yüksəldilməsini, istehlakçılara daha keyfiyyətli məhsul və xidmət təqdim edilməsini labüd edir. Bu isə öz növbəsində yeni standartların hazırlanmasını və tətbiqini təşviq edir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti