İmtahanların vaxtı açıqlandı

İmtahanların vaxtı açıqlandı
  17 Aprel 2013    Oxunub:1456
Montorinq imtahanlarına hazırlıq işləri davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli fərmanına müvafiq olaraq yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək üçün hazırlıq işlərini davam etdirir.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırlıq işləri çərçivəsində aprelin 16-da Bakı şəhərində və Abşeron rayonunda monitorinq imtahanı keçiriləcək orta ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Tədbirdə TQDK-nın məsul əməkdaşları – Hidayət Zeynalov, Adığözəl Həbibov və Qasım Əliyev monitorinq imtahanlarının keçirilmə qaydaları haqda görüş iştirakçılarına geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, cari ildə monitorinq imtahanları V və XI siniflər üzrə aparılacaq. Bu imtahanla respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək.

İlk monitorinq imtahanı Bakı, Abşeron və Sumqayıtda imtahan fənləri üzrə ayrı-ayrı günlərdə olmaqla 23, 24 və 25 aprel tarixlərində keçiriləcəkdir. Digər bölgələrdə keçiriləcək imtahanların tarixləri barədə yaxın vaxtlarda məlumat veriləcəkdir.

V sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənni üzrə keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaqdır. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər.

Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.
XI sinif şagirdləri isə Azərbaycan dilindən, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər.

Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcəkdir. Bu imtahanda suallar ənənəvi - şoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim olunacaq.

Xatırladırıq ki, orta ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.


Teqlər:  





Xəbər lenti