Qazaxıstan Xəzərdə gəmi və aviasiyanın iştirakı ilə təlimlər keçirdi

   Qazaxıstan Xəzərdə gəmi və aviasiyanın iştirakı ilə təlimlər keçirdi
  19 Mart 2024    Oxunub:640
Qazaxıstan Müdafiə Nazirliyi hərbi-dəniz gəmilərinin, Milli Təhlükəsizlik Komitəsinin Manqistau vilayəti üzrə sərhəd xidmətinin və hərbi aviasiyanın iştirakı ilə Xəzər dənizinin Qazaxıstan sektorunda komanda qərargah təlimləri keçirib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Dənizdə keçirilən manevrlər Hərbi Dəniz Qüvvələrinin bölmələri və sərhəd xidməti idarələrinin koordinasiyasını və praktiki idarəetmə bacarıqlarını təkmilləşdirmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədi daşıyır.

Onlara “Qazaxıstan”, “Saryarka”, “Mangistau” raket-artilleriya gəmiləri, “Alatau” minaaxtaran gəmisi, Hərbi Dəniz Qüvvələrinin “Sergek”, “Kaysar” təxribat əleyhinə katerləri, xidməti, hərbi təyyarələr, sərhəd gəmiləri və katerləri cəlb olunub. Bildirilib ki, təlimlərdə iştirak edənlərin ümumi sayı min nəfəri keçib.

Gəmilərin ekipajları aşağı intensivlikli münaqişələrdə dəniz qüvvələri tərəfindən döyüş əməliyyatlarının hazırlanması və aparılması standartlarına əməl ediblər. Təlimlər çərçivəsində Xəzər dənizinin Qazaxıstan sektorunda dəniz təsərrüfat fəaliyyətinin mühafizəsi və müdafiəsi məsələləri işlənib. Döyüş təlimləri və şərti düşmənin yerüstü və hava hədəflərinə artilleriya atəşi icra edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti