Dini komitə dini icmaları yarışdıracaq

Dini komitə dini icmaları yarışdıracaq
  17 Aprel 2013    Oxunub:1432
Dini icmalar arasında mini futbol turnirinə də start veriləcək.
Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmalar tərəfindən keçirilən silsilə tədbirlər davam edir.

AzVision.az xəbər verir ki, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu barədə məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, tədbirlərə ötən həftə start verilib:

“Ötən həftə Şamaxıda ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda dini icmalar üçün iki günlük regional konfrans keçirildi. Şirvan bölgəsinə daxil olan 9 rayonun dini icmaları bu tədbirdə iştirak etdilər. Bunun davamı olaraq hazırda digər bölgələrdə də analoji tədbirlər davam edir”.

E.İskəndərov qeyd edib ki, Şirvan, Ağcabədi, Gəncə, Quba, Lənkəran, Zaqatala şəhərlərində “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı silsilə tədbirlər keçirilir. Dövlət Komitəsinin sədri yaxın günlərdə start veriləcək tədbirlər barədə də məlumat verib.

”Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində ümummilli liderin 90 illik yubileyi münasibəti ilə müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə 9 min ağacın əkilməsi kampaniyası keçiriləcək. Həmçinin, dini icmalar arasında mini futbol turnirinə də start veriləcək. Turnirin əsas məqsədi müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir.”.

Dövlət Komitəsinin sədri bu ayın sonuna kimi Heydər Əliyevin 90 illiyi ilə bağlı jurnalistlər və dini icmalar arasında keçirilən məqalə müsabiqənin nəticələrinin elan ediləcəyini də bildirib:

“Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsi elan edilib. Bu ayın sonuna kimi müsabiqənin nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaqdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti