Emin Ağalarov: "Terror aktından 40 dəqiqə sonra orada idim"

      Emin Ağalarov:    "Terror aktından 40 dəqiqə sonra orada idim"
  25 Mart 2024    Oxunub:924
Müğənni və iş adamı Emin Ağalarov "RİA Novosti"yə müsahibəsində atası Araz Ağalarova məxsus "Krokus Siti Holl"da törədilmiş terror aktının ilk saatında orada gördüyü işlərdən söz açıb.
AzVision.az xəbər verir ki, Emin Ağalarov ilk atəş səslərindən 40 dəqiqə sonra oraya getdiyini söyləyib.

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və "Krokus Siti Holl"un direktoru Roman Qraçevla birlikdə şəxsən binaya girdim. İçəridə 30 dəqiqədən artıq qaldıq, hələ tüstü bürüməmiş evakuasiya dəhlizlərindən keçdik", - o deyib.

Onun sözlərinə görə, zalın əməkdaşları server otağının qapısını sındırmaqla təhlükəsizlik kameraları görüntülərini çıxara biliblər və bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına terror aktını törədənləri aşkarlamaqda kömək edib.

Emin Ağalarov həmçinin diqqətə çatdırıb ki, onun şəxsi mühafizəçisi və "Krokus Siti Holl" əməkdaşları insanların yanan binadan çıxmasını asanlaşdırmaq üçün cəsədləri küçəyə daşımaqda iştirak ediblər.

Xatırladaq ki, martın 22-də Moskva şəhərində yerləşən "Krokus Siti Holl" konsert zalında terror aktı törədilib. "Piknik" musiqi qrupunun çıxışından qabaq silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   terror-aktı   Emin-Ağalarov  





Xəbər lenti