ISW: “Rusiya yeni böyk hücuma başlaya bilər”

   ISW:    “Rusiya yeni böyk hücuma başlaya bilər”
  01 Aprel 2024    Oxunub:1245
Çox güman ki, Rusiya qoşunları bu il yazın sonunda və ya yayda böyük hücuma keçəcək. Amerikanın Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya Donetsk vilayətinin qərbində qüvvələrini cəmləşdirə bilər.
AzVision.az xəbər verir ki, ISV-nin hesabatında rusların öz qoşunlarının sözügedən sektorda davamlı, lakin cüzi irəliləyişdən yararlanmağa ümid etdikləri vurğulanır. Ukrayna rəsmilərinin bu yaxınlarda etdikləri xəbərdarlığa görə, Rusiya Xarkov-Luqansk istiqamətində, Baxmut və Avdeyevka yaxınlığında, habelə Zaporojye vilayətinin qərbində hərbi şəxsi heyət toplayır. Bununla belə, ISW əmindir ki, Rusiya qoşunları öz insan resurslarının və planlaşdırmalarının məhdudluğu səbəbindən yalnız bir istiqamətdə koordinasiyalı genişmiqyaslı hücum əməliyyatına başlaya biləcəklər. İnstitutun ekspertləri belə bir istiqamətin Donetsk vilayətinin qərbinə, xüsusən də bu yaxınlarda Rusiya hərbçilərinin nəzarətinə keçən Avdeyevka şəhərinin ərazisinə aid ola biləcəyini düşünürlər.

Buna sübut kimi martın 30-da Avdeyevka yaxınlığında yerləşən Tonenkoye kəndi ətrafında rus qüvvələrinin uğursuz hücumu fonunda Rusiya ordusunun əsas səylərini orada cəmləyə biləcəyi göstərilir. Bu ərazidə Ukrayna hərbçilərinin Rusiya qoşunlarının bütöv bir mexanikləşdirilmiş batalyonunun hücumunu dəf edə bilməsi vurğulanır. ISW Ukrayna Silahlı Qüvvələrinin təmsilçilərinə istinadən yazır ki, martın 30-da Tonenkoye yaxınlığında Rusiya ordusu döyüşə 36 tank və 12 piyada döyüş maşını göndərib.

“Bazar günü yayılan geolokasiyalı görüntülər Tonenkoyenin şimal-qərbində yol boyu çoxlu sayda məhv edilmiş və zədələnmiş Rusiya zirehli texnikası və tanklarını nümayiş etdirir. Ukrayna əsgərləri bildirirlər ki, hücum zamanı Rusiyanın 12 tankı və səkkiz piyada döyüş maşını məhv edilib. Onların dediyinə görə, cəbhədən hücum cəhdi Ukraynanın müdafiə xəttini yara bilməyib”, - ISV yazıb.

İnstitutun ekspertlərinin fikrincə, 30 mart hücumunun miqyası əhəmiyyətli faktdır, çünki Rusiya qüvvələri 2023-cü ilin oktyabrında Avdeyevkaya hücum başlayandan bəri belə cəhdlər göstərməyib. Ukraynanın cavabı isə Rusiyanın hücumlarını dəf edə bilmək qabiliyyətindən xəbər verir.

“Ukraynanın martın 30-da, xüsusən də Ukrayna qoşunlarının sürətlə geri çəkilməyə məcbur olduğu Avdeyevka yaxınlığındakı hücumu dəf etmək qabiliyyəti Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın gələcək irimiqyaslı hücumlarından və 2024cü ilin yayında gözlənilən hücum əməliyyatından müdafiə oluna biləcəyinə müsbət sübutdur”, - ekspertlər vurğulayır.

ISV-nin hesabatına əsasən, Rusiya qüvvələrinin Avdeyevka yaxınlığındakı hücumunun miqyası onu deməyə əsas verir ki, Rusiya hərbi rəhbərliyi bu istiqaməti prioritet hesab edir və gələcək yay hücumu məhz burada cəmləşə bilər. Beləliklə, ISV şəxsi heyətlə bağlı problemlər və planlaşdırma məhdudiyyətləri səbəbindən Rusiya ordusunun yalnız bir əməliyyat istiqamətində cəmlənmiş və genişmiqyaslı hücuma başlaya biləcəyində israrlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti