Ermənistan şərti sərhədə niyə qoşun yığır? - Polkovnik şərh edir

Ermənistan şərti sərhədə niyə qoşun yığır? -  Polkovnik şərh edir
  01 Aprel 2024    Oxunub:1941
Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun yığması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videoda müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.
Bəs bu proses münaqişənin yenidən alovlanmasına səbəb ola bilərmi?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az -a açıqlamasında bildirib ki, Ermənistanın əməli ilə sözü heç vaxt düz gəlməyib. Onun sözlərinə görə, bu 30 illik işğal dövründə də müşahidə edilib:

“Azərbaycanın 30 il ərzində məsələni danışıqlar yolu ilə həll etməsi alınmadı. Buna görə öz torpaqlarını hərb yolu ilə geri qaytarmaq məcburiyyətində qaldı. Ermənistanın qoşunlarını şərti sərhədə istiqamətləndirməsi ilk hal deyil. Dəfələrlə bu cür hərəkətlərə yol verib.

Bir tərəfdən deyə bilərik ki, bu, həmin dövlətin daxili işidir. Ordusu var və hər bir dövlət öz sərhədi çərçivəsində hansısa döyüş hazırlığı ilə bağlı tədbirləri görə bilər. Amma diqqəti cəlb edən məsələlərdən biri prosesin hansı şəraitdə olmasıdır. Ermənistanın ritorikasında Azərbaycana qarşı dəyişikliklər var. Bunu Ermənistana guya təhlükə olmasə ilə bağlı Avropa və ABŞ-nin aprelin 5-də birgə konfrans keçirməsi də sübut edir.



Ş.Ramaldanov qeyd edib ki, rəsmi İrəvan dörd kəndin qaytarılması ilə bağlı məsələni gah nala, gah da mıxa vurur:

"Paşinyan dediyi sözün arxasında durmur və bu proses yenə də davam edir. Belə bir səhnə formalaşdırır ki, guya o, istəyir, ancaq kənar qüvvələr buna imkan vermirlər. Bu prinsip həm işğal dövründə, həm də Paşinyan hakimiyyətə gələn gündən belə olub”.

Polkovnikin sözlərinə görə, sülh müqaviləsinin bağlanmasının iki yolu var:

“Birinci variant danışıqlardan keçir, digəri isə sülhə məcbur etməkdir. Azərbaycan sülh müqaviləsinin bağlanmasında Ermənistanı məcbur edə bilər. Ona görə ki, sülh müqaviləsinin bağlanması ilə bağlı 9 noyabrda qəbul edilən üçtərəfli bəyannamə var. Orada müəyyən öhdəliklər götürülüb. Bu, üç dövlətin arasında hüquqi sənəddir. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təklifini verib. Lakin Ermənistanda Azərbaycana qarşı təxribat yönlü addımların atılmasına imkan yaradılır. Bu da sülh müqaviləsinin bağlanmamasına gətirib çıxarır. Sülh yoxdursa, biz müharibə şəraitindəyik. Müharibə şəraitindəyiksə, bu təxribatlara daha çox imkan yaradılır.

Biz Paşinyanın Brüselə niyə getdiyini bilirik. Onun məqsədi "Ermənistana təhlükə yaranır və Rusiya Ermənistana təhlükəsizlik zəmanəti versə də bunu yerinə yetirmir" fikrini təlqin etməkdir".

Müsahibin sözlərinə görə, Ermənistan Rusiyanın təhlükəsizlik zəmanətindən müəyyən bir şəkildə narazıdır. Ona görə də havadarlar axtarır.

"Avropada Ermənistanın təhlükəsizliyini təmin etmək məsələsi müzakirəyə çıxarılıb. Beləliklə, Ermənistanın şərti sərhədə qoşun toplaması hansısa təxribatın törədilməsinə səbəb ola bilər. Təbii ki, Azərbaycan buna cavab verəcək və bu, münaqişənin alovlanmasına səbəb ola bilər”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti