"Qərblə münasibətimiz Rusiyaya qarşı yönəlməyib" - Paşinyanın deputatı

   "Qərblə münasibətimiz Rusiyaya qarşı yönəlməyib" -   Paşinyanın deputatı
  01 Aprel 2024    Oxunub:1016
Ermənistanın Qərblə münasibətlərini möhkəmləndirməsi başqa dövlətlərə, xüsusən də Rusiyaya qarşı yönəlməyib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının üzvü, parlamentin regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyasının sədr müavini Vaqarşak Akopyan keçirdiyi brifinqdə deyib.

"Ermənistan Respublikası bir ölkə ilə münasibətlərini dərinləşdirəndə digər ölkəyə, xüsusən də müttəfiqimiz Rusiya Federasiyasına qarşı yönəlmir. Biz Qərb dövlətləri ilə münasibətlərimizi yalnız iqtisadiyyatımızın inkişafı və təhlükəsizliyin artırılması naminə dərinləşdiririk. Ölkəmizin rifahı üçün fəaliyyət göstəririk", - o deyib.

Akopyan Rusiyanın “Mir” ödəniş sisteminə Ermənistanda qadağa qoyulmasına toxunaraq, bu məsələnin “sırf iqtisadi” olduğunu və qərarı respublikanın hakimiyyət orqanları deyil, “ölkədə fəaliyyət göstərən banklar” tərəfindən qəbul edildiyini bildirib.

Bundan əvvəl Ermənistan rəhbərliyi aprelin 5-də Brüsseldə Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin birgə görüşünün planlaşdırıldığını bildirib. Erməni siyasətçilərinin fikrincə, tədbir “Ermənistanın sabitliyini artırmaq məqsədi daşıyır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti