Yaponiyanın hakim partiyası siyasətçiləri cəzalandıracaq

   Yaponiyanın hakim partiyası siyasətçiləri cəzalandıracaq
  02 Aprel 2024    Oxunub:884
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) İntizam Komissiyası aprelin 4-də maliyyə hesabatlarında külli miqdarda aldıqları ianə və nağd pul barədə sistematik şəkildə məlumat verməyən 39 parlament üzvü və digər tanınmış LDP xadimlərinin cəzalandırılıb cəzalandırılmayacağına dair qərar qəbul etmək üçün iclas keçirəcək.
Onların hamısı yazılı izahat verməli olacaqlar. Bu məlumatlara görə, ən ağır cəza keçmiş nazir və partiyanın ən böyük fraksiyasının liderlərindən biri Ryu Şionoya və parlamentin yuxarı palatasındakı LDP fraksiyasının keçmiş rəhbəri Hiroşiqe Sekoya veriləcək. Onları könüllü olaraq Liberal Demokratlardan çıxmağa təşviq edəcəklər. Bundan imtina etsələr, LDP-dən xaric ediləcəklər.

39 nəfərlik qrupun digər nümayəndələrinə isə partiya üzvlüyünün dayandırılması, partiya vəzifələrindən məhrum edilməsi, seçkilərdə dəstəyin götürülməsi və s. kimi cəzalar veriləcək.

Bu siyasətçilərin hamısı, ən azı, son beş ildə müxtəlif üsullarla pullar alıblar - müəyyən edilmiş hədləri aşan bizneslərdən siyasi ianələrin məbləğləri onların şəxsi "cibinə" gedib.

Belə vəsaitlər barədə məlumat verilməyib və qeyri-qanuni “kölgə fondlarına” çevrilib. Belə bir sistemin təşkilində əsas rolu Şionoya və Şekonun oynadığı güman edilir.

Bu vəsaitlər demək olar ki, 30 milyon yenaya (təxminən 200 min dollar) çatıb. Qalmaqal səbəbindən artıq 15 siyasətçi, o cümlədən nazirlər, dövlət nazirləri, parlament nazirlərinin müavinləri və LDP rəhbərliyinin nümayəndələri vəzifəsini itirib.

Bu fonda, son sorğulara görə, baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökumətinə dəstək rekord həddə - 20%-dən aşağı düşüb.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti