"Özümü heç vaxt kral hesab etməmişəm" - Rövşən Nəcəf

   "Özümü heç vaxt kral hesab etməmişəm" -    Rövşən Nəcəf
  02 Aprel 2024    Oxunub:617
“Elxan Məmmədovun açıqlamasında hər hansı sətiraltı məna görmədim. Mən “Neftçi”də Müşahidə Şurasının üzvü idim. Artıq gedirəm. “Neftçi” ilə bağlı dediklərimiz aktualdır. Eyni sözləri milli komanda barədə də deyə bilərəm. Zaman lazımdır”.
AzVision.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf İcraiyyə Komitəsinin yeni tərkibdə keçirilən ilk iclasından sonra təşkil olunan mətbuat konfransında deyib.

O, uğur qazanmaq üçün zamana ehtiyac olduğunu bildirib: “Futbol, təkcə meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun qurulması, gənclərin inkişafı, maliyyədə şəffaflıq da mühüm əhəmiyyət kəsb edir. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var. Bütün aidiyyəti şəxslərin birgə səyi nəticəsində böyük nəticələrə ümid edə bilərik”.

R.Nəcəf Azərbaycan futboluna yeni investorların cəlb olunması üçün çalışacağını bildirib: “İnkişaf üçün yol xəritəsi hələ hazır deyil. Çünki seçki bu gün keçirilib. İstənilən uğur üçün maliyyəyə ehtiyac var. Lakin biz dövlətin dəstəyinin artırılmasından çox, özəl sponsorların cəlb olunması üçün çalışırıq”.

AFFA rəhbəri milli komandanın baş məşqçisi məsələsinə də toxunub: “Bununla bağlı AFFA-da ötən ilin sonunda yaradılan İşçi qrupu var. Həmin komissiya qısa siyahı hazırlayıb, məşqçilərlə danışıqlar aparıb. Bu iş yekunlaşmaq üzrədir. İcraiyyə Komitəsi bu məsələni rəsmiləşdirəcək. Növbəti iclaslarda bu məsələ müzakirəyə çıxarılacaq. İstənilən qərarın verilməsində yerli və ya əcnəbi amili önəm daşımır. Əsas odur ki, Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə hansı mütəxəssislər cavab verəcəklər”.

"Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib özləri kənara çəkilir. Siz necə edəcəksiniz? Məsuliyyəti üzərinizə götürəcəksiniz?" sualını belə cavablandırıb:

" Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrutlmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrutlmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

R.Nəcəf media ilə bağlı gələcək planları haqda sualı belə cavablandırıb: “Futbolun inkişafı yalnız birgə fəaliyyətlə mümkün ola bilər. Media da futbolun ayrılmaz, önəmli hissələrindən biridir. Sizin də dəstəyiniz bizə lazımdır. Bu baxımdan həm oyunların işıqlandırılması, həm azarkeşlərin cəlb edilməsi üçün müzakirələrin aparılması və s. qeyd etmək olar. Media ilə daha sıx işləyəcəyik. Ola bilər ki, yaxın gələcəkdə müzakirə xarakterli ayrıca, qapalı görüş də keçirək. Qapalı qapılar arxasında hər kəs öz fikrini rahat şəkildə ifadə edə bilər”.

AzVision.az


Teqlər:





Xəbər lenti