"Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfrans keçirilib - FOTOLAR
02 Aprel 2024
Oxunub:1045
Aprelin 2-də Bakıda “Ritz-Carlton” otelində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda geniş konfrans keçirilib.
Baş Prokurorluqdan AzVision.az -a verilən xəbərə görə, ümumilikdə 20-dək müxtəlif dövlət qurumu və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ali təhsil ocaqlarının nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ali Məhkəmə sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov tərəfindən çıxışlar etmiş, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən “Elektron prokurorluq” informasiya sisteminin təqdimatı keçirilib.
Daha sonra konfrans iştirakçıları tərəfindən ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və digər qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsi və mərhələli şəkildə elektron cinayət təqibinin tətbiqi, ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin prosessual hüquqlarının və ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron cinayət prosesinə keçidlə əlaqədar aidiyyəti qurumların əməkdaşlarının bu sahədə peşəkarlığının, bilik, bacarıq və vərdişlərinin artırılması və digər aktual məsələlər geniş müzakirə edilib.