Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının görüşü keçirilib - FOTOLAR - YENİLƏNİB

   Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının görüşü keçirilib -  FOTOLAR - YENİLƏNİB
  04 Aprel 2024    Oxunub:1740
Aprelin 4-də Bakıda "Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqpozmalar: dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları" mövzusunda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü keçirilib.
AzVision.az xəbər verir ki, görüşdən öncə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın baş prokurorlarının müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini yad ediblər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev nümayəndə heyətlərini salamlayaraq, ölkəmizdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayan xalqımızın Ümummilli lideri Heydər Əliyevin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və proqnozlaşdırılması sahəsində uğurlu dövlət siyasətini həyata keçirdiyini vurğulayıb.

Həmin strateji kursun davamı olaraq dövlət başçısı cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, o cümlədən cari ilin noyabr ayının 11-dən 24-dək dövlətimizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini qeyd edib.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri, bu sahədə prokurorluq orqanlarının rolu, o cümlədən 12 avqust 2006-cı il tarixli “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Baş prokuror bildirib ki, 2020-ci ildə ərazilərimiz erməni işğalından azad edildikdən sonra ölkəmiz digər çağırışlarla üzləşib. Kamran Əliyev qeyd edib ki, işğal dövründə Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir.

Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. Baş prokuror bildirib ki, işğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır.

Bundan başqa, Kamran Əliyev martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktını şiddətlə qınayaraq terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək Xəzər dənizində bioresursların azalması, dəniz mühitinin çirklənməsi, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi və dəniz ekosistemlərinin deqradasiyasını qeyd edərək ölkəmiz tərəfindən Xəzərin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasından, brakonyerliklə mübarizə ilə yanaşı dəniz bioresurslarının bərpası və artırılmasına yönəldilmiş işlərdən, o cümlədən dənizin ekoloji vəziyyətinin qiymətləndirilməsi, bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi ekspedisiyaların keçiriliməsindən danışıb.

İclasda Baş prokurorun müavini Elmar Camalov, İran İslam Respublikası Baş prokurorunun müavini Qulam Abbas Torki, Qazaxıstan Respublikası Baş prokurorunun müavini Jandos Umiraliyev, Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodov və Türkmənistanın Baş prokurorunun müavini Rahim Atayev Xəzər dənizində ekoloji hüquqpozmalara qarşı mübarizədə prokurorluqların rolu ətrafında çıxışlar edərək bu sahədə aktual probemlərə toxunublar.

Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının Bakı görüşü yekunlaşıb.

* * *

10:21
Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak edir.

AzVision.az

Qalereya




Teqlər: Baş-prokurorluq   Bakı   Xəzəryanı-dövlətlər   görüş  





Xəbər lenti