Güləşçilərimizin Bakıdakı turnirdə ilk rəqibləri müəyyənləşib

Güləşçilərimizin Bakıdakı turnirdə ilk rəqibləri müəyyənləşib
  04 Aprel 2024    Oxunub:1350
Sabah Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
AzVision.az xəbər verir ki, bu gün hər 3 güləş növü üzrə püşkatma mərasimi keçirilib və Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

Aprelin 5-də yunan-Roma güləşi üzrə yarış keçiriləcək. Nihat Məmmədli (60 kiloqram) 1/8 finalda Oleksey Masiklə (Ukrayna) qarşılaşacaq. İslam Abbasov (87 kiloqram) eyni mərhələdə Avropa çempionu və dünya ikincisi Turpal Bisultanovla (Danimarka) mübarizə aparacaq. Murad Əhmədiyev (97 kiloqram) 1/4 final yolunda Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcək. Beka Kandelaki (130 kiloqram) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kiloqram) güləşəcək.

Aprelin 6-da qadın güləşçilər xalçaya çıxacaq. Mariya Stadnik (50 kiloqram) mübarizəyə 1/4 finaldan qoşulacaq. Titullu güləşçimiz yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kiloqram) ilk mərhələdə Veronika Ryabolova (Ş.Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kiloqram) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kiloqram) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kiloqram) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristovayla üz-üzə gələcək.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kiloqram) təsnifat mərhələsində italiyalı Simyone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kiloqram) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək. Turan Bayramov (74 kiloqram) 1/8 finalda isveçrəli Tobias Portmanla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kiloqram) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq. Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kiloqram) isə Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə finala çıxan güləşçilər “Paris-2024”ə vəsiqə qazanacaqlar.

AzVision.az


Teqlər: idman   güləş   turnir   Bakı  





Xəbər lenti