İsrail ABŞ-a bildirib ki, İran öz ərazisindən hücuma keçərsə, Qüdsün güclü cavab reaksiyasına səbəb olacaq və mövcud münaqişəni başqa səviyyəyə daşıyacaq. “Axios” ABŞ və İsrail rəsmilərinə istinadən yazır ki, çərşənbə günü İsrailin müdafiə nazirləri Yoav Qalant və ABŞ-ın Lloyd Ostin arasında telefon danışığı zamanı İranın hərəkətləri nəticəsində gərginliyin koordinasiyası və eskalasiyaya hazırlıq məsələsi geniş müzakirə olunub.
İsrailin baş naziri Benyamin Netanyahu isə İsrail Təhlükəsizlik Kabinetinin iclasında deyib: "Biz özümüzü necə qoruyacağımızı biləcəyik və əsas prinsipə uyğun hərəkət edəcəyik: kim bizə pislik etsə və ya bizə zərər verməyi planlaşdırsa, biz də ona zərər verəcəyik".
İsrail İranın təhdidlərinə görə 28 səfirliyini bağladı |
Qeyd edək ki, aprelin 1-i Suriya hakimiyyəti İsrailin Dəməşqin cənub-qərbində İran konsulluğunun binasını vurduğunu bildirib. Sonradan məlum olub ki, hücum nəticəsində xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı və beş zabiti həlak olub.
SEPAH bu hücuma İsrailə qarşı “ölümcül zərbələr”lə cavab verəcəyini bildirib. Xəbər verildiyi kimi, İsrail Tehranın təhdidləri ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirir. İsrailin müdafiə qüvvələri xüsusilə hava hücumundan müdafiə və kəşfiyyat bölmələri yüksək hazırlıq vəziyyətindədir. İsrail hərbçiləri döyüşlərdə iştirak edən hərbçilərinin tətillərini ləğv edib.
İlkin Nəcəfzadə
AzVision.az