Əsgərliyə getməyə hazırlaşırdı, minaya düşdü

   Əsgərliyə getməyə hazırlaşırdı,    minaya düşdü
  05 Aprel 2024    Oxunub:927
Xəbər verdiyimiz kimi, aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib. Hadisə nəticəsində 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, Suqovuşan qəsəbəsində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir:

"2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti stabildir".

Elmir Bağırovla bağlı əlavə məlumat əldə etmək üçün onun sakini olduğu Sarov kəndinin bələdiyyəsi ilə əlaqə saxladıq. Bildirildi ki, E. Bağırov hərbi xidmətə getməyə hazırlaşırmış.

"Məktəbi bitirmişdi, əsgərliyə gedəcəkdi. Ailədə iki uşaqdırlar. Özündən balaca bacısı var. Çox imkansız ailədirlər. Atası fəhləlik edir. Hər iki ayağının amputasiya olunduğunu eşidəndə çox pis olduq. İndi valideyinləri oğlanın yanındadır", -deyə bələdiyyədən deyilib.

Qeyd edək ki, minaya düşən digər şəxslər Tağızadə Arzuman Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, İsmayılov Polad isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti